Dağıstan prezidenti Mahir Şükürovu Ronaldo və Kaka ilə müqayisə etdi
12.03.2010 - 13:44
Dağıstan prezidenti Mahir Şükürovu Ronaldo və Kaka ilə müqayisə etdi
Dağıstan prezidenti Maqomedsalam Maqomedov “Anji” klubunun üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, yeni mövsüm öncəsi komandanın bazasında keçirilən görüşdə yığmamızın üzvü Mahir Şükürov da olub.

Futbol həvəskarı olan Maqomedov doğma komandasının ötən mövsüm birinci divizionun çempionu kimi Premyer Liqaya vəsiqə qazanması münasibətilə təbrik edib. Respublika rəhbərliyi tərəfindən klubun saxlanması üçün mümkün hər şeyi edəcəyini söyləyən prezident baş məşqçi Omari Tetradzeyə müraciətində maraqlı fikirlər səsləndirib. Maqomedovun sözlərinə görə, qış fasiləsində transfer edilən Mahir də daxil olmaqla, “Anji”nin futbolçuları dünya ulduzlarından heç də geri qalmır: “Yəqin ki, mövsümlərarası fasilədə istədiyinizə tam nail ola bilmədiniz. Komandaya Ronaldo, Kaka, Runi, Ouen və dünya futbolunun digər nəhənglərini dəvət edə bilmədiniz. Ancaq nə etmək olar, oynamalıyıq və komandada olan futbolçularla nəticə qazanmalıyıq. Onlar yuxarıda adı çəkilən futbolçulardan heç də pis deyillər. Ola bilər ki, həmin ulduzların qiyməti bahadır. Ancaq fikrimcə, bizim oyunçuların ustalıq səviyyəsi, istəyi daha yüksəkdir”.

Şükürov kimi legionerləri salamlayan Maqomedov “Anji”nin uğurlarında əməyi olanlar arasında həmvətənlərimizi də qeyd edib. Belə ki, o, komandanın baş məşqçisi olmuş Əhməd Ələsgərov, yığmamızın sabiq oyunçuları Narvik Sırxayevlə İbrahim Həsənbəyovun adını çəkib.

Qeyd edək ki, görüşdə “Anji”nin yeni futbolçuları, o cümlədən Mahir rəsmən təqdim olunub. Dağıstan prezidentinə komandanın bütün oyunçularının imzası olan top və tam futbol geyim dəsti təqdim olunub.
0