“Turan” – “Karvan” görüşündəki qalmaqalın təfərrüatları
12.03.2010 - 14:06
“Turan” – “Karvan” görüşündəki qalmaqalın təfərrüatları
Unibank Premyer Liqası klublarının nəzdində olan əvəzedici komandalar arasında Azərbaycan çempionatının final mərhələsinin ilk turundakı qalmaqalın təfərrüatı məlum olub. Apasport.az saytının məlumatına görə, 7-12-ci yerlər uğrunda mübarizə aparan “Turan”la “Karvan” arasında matçın yarımçıq dayandırılmasına hakimin qərarları səbəb olub.

Belə ki, Tovuzun Qaraxanlı stadionunda keçirilən görüşü 82-ci dəqiqədə tərk edən qonaqlar məhz ədalət təmsilçilərinin ədalətsizliyini düşünərək bu addımı atıblar.

Deyilənlərə görə, 3 aydır maaş almayan və bu səbəbdən çempionatda iştirakını dayandırmaq haqda düşünən “Karvan”ın əvəzediciləri bu qarşılaşmaya, ümumiyyətlə çıxmaq istəmirmiş. Lakin maliyyə çətinliklərindən bezən futbolçuları yola gətirərək Tovuza yollamaq mümkün olub. Elə bu amil də candərdi meydana çıxan futbolçuların matçı yarımçıq dayandırmasında müəyyən rol oynayıb. Çünki matça yarım saat gecikən (buna görə görüş təxminən 15:30-da başlayıb) komanda üzvləri qarşılaşmanın tez bitməsini hamıdan çox istəyirmiş.

Görüşün 82-ci dəqiqəsində qapısında ikinci qolu görən yevlaxlılar topun oyundankənar vəziyyətdən qapılarına vurulduğunu düşünüb. Müəyyən mübahisələrdən sonra qolun ləğvinə nail ola bilməyən qonaqlar final fitinə 8 dəqiqə qalmış 0:2 hesabını dəyişməyin mümkünsüzlüyünü də dərk ediblər. Üstəlik, öz problemlərini də yada salan qonaqlar oynamaq istəməyərək, meydandan çıxıblar. Qələbəyə yaxın olduqlarını dərk edən tovuzlu futbolçular hesablarına növbəti 3 xalın yazılması üçün rəqiblərinin dalınca da qaçıblar. Hərəsi bir oyunçunun qoluna girib xahiş minnət edən “Turan”lılar qonaqları geri dönməyə razı salıb. “Karvan”ın futbolçuları artıq ikinci qoldan sonra mərkəzdən başlamağa da razı olsa da, hakimin növbəti qərarı həlledici olub.

Belə ki, meydanı özbaşına tərk edən qonaqların yenidən geri qayıtmasını görən gənc hakim Xəlil Hüseynli onun əvvəlki qərarlarından narazılığını ifadə edən futbolçu ilə mübahisəyə girişib. Futbolçunun hakimi söyməsi isə qırmızı vərəqənin göstərilməsi ilə müşayiət olunub. İkinci qolla barışan yevlaxlılar azlıqda qalmağı həzm etməyərək, yenə meydanı tərk ediblər. Bu dəfə geri qayıtmayan yevlaxlılar matçdan sonra rəqiblə birgə oyunun video kasetini də izləyib. Bu zaman qolun təmiz vurulduğunu dərk etdiyi deyilən qonaqlar hərəkətlərinə də peşman olub.
0