Yığmamız Rumıniya və Belarusla yoldaşlıq görüşü keçirə bilər
14.03.2010 - 10:39
Yığmamız Rumıniya və Belarusla yoldaşlıq görüşü keçirə bilər
Azərbaycan milli komandası Avstriyadakı təlim-məşq toplanışında daha bir yoldaşlıq görüşü keçirə bilər. Bu barədə apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Milli komandamızın qarşıdakı yoldaşlıq görüşləri üçün rəqiblərindən ikisi məlumdur. Bunlar Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində mayın 26-da Moldova, iyunun 2-də Hondurasla oyunlardır. Məmmədov həmin hazırlıq prosesində daha bir yoldaşlıq görüşünün olacağını istisna etməyib: “Bizə mayın sonu, iyunun əvvəlində yoldaşlıq görüşü keçirmək vacibdir. Məlum olduğu kimi, həmin vaxtda artıq iki rəqiblə razılığa gəlmişik. Bunlar Moldova və DÇ-2010-nun iştirakçısı olan Honduras yığmasıdır. Ola bilsin ki, Hondurasla oyundan sonra daha bir yoldaşlıq görüşü keçirdik. Ancaq bununla bağlı hələlik hansısa rəqiblə razılığa gəlməmişik. Moldova Futbol Federasiyası ilə yığmaların oyunu keçirmək məsələsini iki gün öncə həll etmişik. Milli komandamızın yoldaşlıq görüşündə növbəti rəqibinə, Avstriyadakı təlim-məşq toplanışının müddətinə sonradan aydınlıq gələcək”.

Qeyd edək ki, Rumıniya və Belarus yığmaları mayın sonu - iyunun əvvəlində Avstriyada hazırlıq keçəcək. Honduras DÇ-2010-na son hazırlıq çərçivəsində yığmamızla yanaşı, bu iki rəqiblə də qüvvəsini sınayacaq. Milli komandamızın da növbəti rəqibinin Rumıniya, Belarusdan biri olacağı istisna deyil.
0