Yeni “Bakı” yaradılır!
13.03.2010 - 20:18
Yeni “Bakı” yaradılır!
Bu gün Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov və vitse-prezidenti Faiq Qarayev “Bakı” klubunun bazasını ziyarət ediblər. Apasport.az saytının xəbərinə görə, komandanın bazasının vəziyyətindən razı qalan qonaqlar federasiyanın bazasının tikintisi üçün yer seçiblər. Bazanın layihəsi qonaqlara təqdim olunub.

Burada voleybolçuların yaşaması, təlim-məşq toplanışları keçməsi üçün hər cür şəraitə malik olacaq bazadan savayı 2500-3000 nəfərlik voleybol zalı da tikiləcək.

Bu zalda məşqlərlə yanaşı, “Bakı” Voleybol Klubunun ev oyunları da keçiriləcək. Növbəti mövsümdən etibarən voleybolçu qadınlardan ibarət ölkə çempionatında “Bakı” adlı komandanın iştirakı da gözlənilir.

Bundan əlavə “Bakı” idman klubunun nəzdində boks və güləş komandalarının təşkili nəzərdə tutulub.

Hafiz Məmmədov qonaqlara “Bakı” klubunun gələcək planları ilə bağlı məlumat verib. Klub prezidenti bildirib ki, “Bakı” klubunun bazasının ərazisində daha 2 meydança salınacaq ki, onlardan biri təbii, ikincisi isə süni örtüklü olacaq. Beləliklə, klub bazasının ərazisində tam standard ölçülü 2 təbii və 2 süni meydan futbolçuların ixtiyarında olacaq.
0