“Berti Foqts öz komandasını qrupun autsayderi kimi görür”
14.03.2010 - 17:02
“Berti Foqts öz komandasını qrupun autsayderi kimi görür”
Almaniya mətbuatında 2012-ci Avropa çempionatının seçmə qrup mərhələsində mübarizə aparacaq milli komandalar haqda yazı dərc olunub.

Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasına da toxunan alman jurnalistlər həmyerliləri Berti Foqtsun çalışdırdığı komandamızı qrupun autsayderi kimi qələmə veriblər: “Azərbaycan Avropa çempionatının qrup mərhələsində Almaniya, Türkiyə, Qazaxıstan, Avstriya və Belçika ilə mübarizə aparacaq. Əlbəttə ki, Berti Foqts komandasını qrupun autsayderi kimi görür. Azərbaycan yığması, xüsusilə Qazaxıstanla görüşlərə ciddi yanaşacaq. Bu komandalar qrupda 1-2-ci yerlər uğrunda mübarizə aparacaq, təbii ki, aşağıdan yuxarı istiqamətdə”.

Bununla belə, yazıda Foqtsun gəlişindən sonra milli komandamızın inkişafda olduğu və son oyunlarda yaxşı təsir bağışladığı qeyd olunub: “Bu komanda Foqtsun başçılığı altında dünya çempionatının son seçmə mərhələsində Lixtenşteyni səfərdə 2:0 hesabı ilə məğlub etdi. Amma Azərbaycan yığması öz meydanında daha yaxşı oynayır. Onlar güclü Rusiya yığması ilə Bakıda heç-heçə oynadılar – 1:1”.
0