Mahir Şükürov beşi keçdi
15.03.2010 - 10:20
Mahir Şükürov beşi keçdi
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun Rusiya çempionatında debütü yaxşı qiymətləndirilib. 28 yaşlı müdafiəçi Mahaçqalanın “Anji” klubunun heyətində Rusiya Premyer Liqasının ilk turunda Nalçik “Spartak”ı ilə qolsuz bərabərliklə nəticələnən ev oyununda çıxışına görə 5,5 bal alıb.

Apasport.az saytının məlumatına görə, qiyməti verən Rusiyanın nüfuzlu “Sport-Ekspress” qəzeti Mahiri komandasının heyətində ən yaxşılardan biri sayıb. Belə ki, Şükürov “Anji”nin heyətində 5,5 bal alan 6 futbolçudan biri olub. Maraq üçün qeyd edək ki, Mahaçqala klubunda ən yüksək qiymət alan futbolçuya 6 bal verilib.

Hər halda, 90 dəqiqə meydanda olan Mahirin debüt etdiyini nəzərə alsaq, ilk oyun üçün çıxışı yaxşı sayılmalıdır. Təsadüfi deyil ki, “Anji”nin baş məşqçisi Omari Tetradze Şükürov da daxil olmaqla bütün yetirmələrinə “Spartak”la görüşdə göstərdikləri əzmkarlıq və xarakterə görə minnətdarlıq edib.
0