Dörd hissəli tamaşanın son pərdəsi: biri formal, üçü maraqlı
15.03.2010 - 11:17
Dörd hissəli tamaşanın son pərdəsi: biri formal, üçü maraqlı
Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə birinci görüşləri heç-heçə nəticələn komandalar üz-üzə gələcək. Bunlardan “Olimpik-Şüvəlan“, “Simurq” və “Standard” ilk “altılıq”dan kənarda qaldıqlarına görə medallar uğrunda mübarizə aparmaq hüququndan məhrum olan komandalardır. Belə olan halda, onlar üçün avrokuboklara yeganə yol ölkə kubokundan keçir.

Əslində, ilk yarımfinalçının adı hələ ilk oyundan sonra demək olar bəlli oldu. Hər halda, “İnter”in səfərdə “Neftçi” üzərində qazandığı böyük hesablı qələbə ilə mərhələ keçmək vəzifəsini böyük ölçüdə həll etdi. Unibank Premyer Liqasının liderinin evdə böyük hesablı uduzacağı real görünmədiyi üçün cavab görüşünü formal saymaq olar. Belə olan halda, “İnter” əsas futbolçularını növbəti turda “Xəzər-Lənkəran”la çətin oyuna qoruyub, “Neftçi” ilə cavab görüşünə daha çox ehtiyatda qalanları buraxa bilər. Son 25 gündə ardıcıl görüşməli olan “İnter”lə “Neftçi” 4 hissəli tamaşanın son pərdəsinə çıxacaq.

1/4 finalın digər üç cütündə gərgin mübarizənin şahidi olacağımızı vəd edir. “Olimpik-Şüvəlan”ın səfərdə uduzmamağı, cavab görüşünü evdə keçirməsi mərhələ keçmək şansını artırır. Ancaq digər tərəfdən, cari mövsüm üçün statistika heç də “təyyarəçilər”in xeyrinə deyil. Belə ki, “Olimpik-Şüvəlan” “Simurq”u nəinki yenə, ona qol da vura bilməyib. Kubokda rəqib meydanında vurulan qolun əhəmiyyətini nəzərə alsaq, istənilən qollu heç-heçə zaqatalalıları yarımfinala çıxaracaq.

“Standard”a isə bu vəzifəni yerinə yetirmək üçün evdə qolsuz heç-heçə də kifayətdir. Hər halda, autsayder son ölkə çempionu “Bakı” ilə səfər oyununda etdiyi 1:1 hesablı heç-heçənin faydasını görə bilər. Gürcü yarımmüdafiəçi Amiran Mucirinin son dəqiqələrdə “Bakı”ya vurduğu qol keçmiş komandasını səfərdə mütləq qol vurmağa sövq edir. Hər iki komandanın Unibank Premyer Liqasının son turunda qazandığı qələbələr görüşə yüksək əhval-ruhiyyədə çıxacağını söyləməyə əsas verir.

Ən maraqlı oyunlardan biri Lənkəranda gözlənilir. Çempionatda son iki oyunda böyük hesablı qələbə qazanan “Xəzər-Lənkəran”a “Qarabağ”a öz meydanındakı görüşdə istəyinə çatmaq üçün 1:0 hesablı qələbə də kifayətdir. Əslində, Ağdamdakı görüşdə hesabı açan lənkəranlılar oyunu ən pis halda 1:1 hesabı ilə başa vurmalı idi. Ancaq son saniyələrdə müdafiədə buraxılan kobud səhv və nəticədə rəqibin qələbə topunu vurması indi “Xəzər-Lənkəranı çətin vəziyyətə qoyub. Cənub klubu yarımfinala çıxmaq üçün mütləq qələbə qazanmalıdır. “Qarabağ”ın “altılığ”ın ilk turunda uduzması, “Xəzər-Lənkəran”ın isə inamlı qələbə qazanması meydan sahiblərinə psixoloji baxımdan üstünlük verir.

Azərbaycan kuboku, 1/4 final mərhələsi
Cavab görüşləri


16 mart
15:00. “Olimpik-Şüvəlan” – “Simurq”

Bakı. “Şəfa” stadionu
İlk oyun – 0:0

15:00. “Standard” – “Bakı”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk oyun – 1:1

17 mart
16:00. “İnter” – “Neftçi”

Bakı. “Şəfa” stadionu
İlk oyun – 3:0

18:00. “Xəzər-Lənkəran” – “Qarabağ”
Lənkəran. Mərkəzi stadion
İlk oyun – 1:2
0