Azərbaycan – Makedoniya: dördüncü sınaq
15.03.2010 - 12:18
Azərbaycan – Makedoniya: dördüncü sınaq
Azərbaycan və Makedoniya milli komandaları mayın 29-da tarixlərində 4-cü dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Avstriyada keçiriləcək yoldaşlıq oyununda qarşılaşacaq rəqiblər indiyədək 3 dəfə görüşüblər.

Bu oyunların hamısı millimizə İqor Ponomaryovun rəhbərlik etdiyi dövrə təsadüf edib. 2000-ci il iyulun 27-də Bolqarıstanın Varna şəhərində baş tutan ilk matç yoldaşlıq xarakteri daşıyırdı. Həmin matçda 1:2 hesabı ilə uduzan yığmamızın qolunu hazırda “Qəbələ”nin baş məşqçisi olan Ramiz Məmmədov vurmuşdu.

Cəmi 2 ay sonra komandalar ikinci dəfə üz-üzə gəldi. Bu dəfə DÇ-2002-nin seçmə mərhələsinə təsadüf edən qarşılaşmada da yığmamız uduzan tərəf oldu. Oktyabrın 6-dakı görüşdə meydan sahibləri Ponomaryovun yetirmələrini böyük hesabla məğlub etdi - 3:0. 11 ay sonra 2001-ci il sentyabrın 5-də isə yığmamız Bakıda makedoniyalılardan xal almağı bacardı. “Şəfa” stadionunda 1:1 hesabı ilə nəticələnən görüşün sonlarında millimizə bir xal qazandıran qolu Fərrix İsmayılov vurdu.

Bir sözlə, Azərbaycan və Makedoniya yığmaları arasında 3 görüşdə iki dəfə rəqibimiz qalib gəlib, bir dəfə isə heç-heçə olub.
0