Səmədağa Şıxlarov: 37 ildir futboldayam, bu mənə yaraşmaz!
15.03.2010 - 13:17
Səmədağa Şıxlarov: 37 ildir futboldayam, bu mənə yaraşmaz!
Öz imicimi heç vaxt ayaq altına atmaram, komandamı pis vəziyyətdə qoymaram. Həm də nəzərə almaq lazımdır ki, Rauf Cabbarov mənim oğlum yaşındadır”.

“Standard”la oyunda epizodların birində rəqib komandanın üzvü futbolçumuzu dalbadal iki dəfə yıxdı. Ancaq baş hakim Rauf Cabbarov cərimə zərbəsi təyin etmədi. Epizodun davamında “Standard” qol vurdu. Qarşılaşmadan sonra hakimə yaxınlaşıb dedim ki, “görmürsən, qayda pozulmuşdu, cərimə zərbəsi vermədin, qapımıza qol vuruldu”. O da mənə kobud cavab qaytardı. Hakimi vurmağım barədə yayılan məlumatlar isə düzgün deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun seleksiyaçı-məşqçisi Səmədağa Şıxlarov deyib.

Veteran futbolçu Unibank Premyer Liqasının XXIII turunda “Şəfa” stadionunda “Standard”la görüşdən sonra yaşanmış xoşagəlməz hala aydınlıq gətirib. O, matçın baş hakiminə fiziki zərbə endirmədiyini söyləyib: “37 ildir “böyük futbol”dayam, bu mənə yaraşmaz! Məgər qayda-qanunu bilmirəm? Əgər hakimi vursam, deyərəm ki, vurmuşam. Məni öldürən yox, asan yox. Öz imicimi heç vaxt ayaq altına atmaram, komandamı pis vəziyyətdə qoymaram. Həm də nəzərə almaq lazımdır ki, Rauf Cabbarov mənim oğlum yaşındadır”.

Şıxlarov AFFA-nın İntizam Komitəsinin iclasına dəvət olunduğunu da bildirib: “Fikrimcə, hakim oyunun nəticəsinə təsir edən səhvlər buraxdı. Məni AFFA İntizam Komitəsinin iclasına çağırıblar. Yaxşı ki, həmin iclasa dəvət olunmuşam, fikrimi açıq şəkildə bildirəcəyəm”.

Qeyd edək ki, “Standard”la qarşılaşmada “Olimpik-Şüvəlan” öz meydanında 1:2 hesablı məğlubiyyətlə üzləşib.
0