Azərbaycan yığması Hondurasın “qara günü”nə həsəd aparır
15.03.2010 - 14:04
Azərbaycan yığması Hondurasın “qara günü”nə həsəd aparır
Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşlərini reytinqi özündən yüksək yığmalarla keçirəcək. Apasport.az saytının məlumatına görə, milli komandamızın mayın sonu – iyunun əvvəlində Avstriyada təlim-məşq toplanışında rəqibləri olan Moldova, Makedoniya və Honduras FİFA-nın reytinqində bizdən yuxarıda qərarlaşıb. Onlardan ən yaxşı göstəriciyə Hondurasın malik olması təəccüb doğurmamalıdır. Hər halda, 35-ci pillədə qərarlaşan mərkəzi amerikalılar DÇ-2010-nun final mərhələsinə qatılacaq. Hazırda Makedoniya FİFA-nın son reytinqində 65, Moldova 100, Azərbaycan 109-cu yerdədir.

Hər bir yığmanın yüksəliş və tənəzzül dövrü olur və bu, FİFA-nın reytinqində də öz əksini tapır. Milli komandamızın reytinqə daxil olduğu vaxtlar, konkret, 1994-cü ilin iyulunda 170-ci yeri antirekord, 1999-cu il iyunundakı 99-cu pillə isə rekordudur. Ötən ilin iyulundan indiyədək geriləyən (ümumilikdə 16 pillə) Moldova artıq ilk “100-lüy”ü tərk etmək üzrədir. Moldovalılar da antirekordu 1994-cü ilin iyulunda yaşayıb – 149-cu pillə.

Ancaq göründüyü kimi, onların ən zəif göstəricisi bizdən yaxşı olub. Moldova yığmasının yüksəliş dövrü 2008-ci ilin aprelinə təsadüf edib. Rəqibimiz Berti Foqts milli komandamıza baş məşqçi təyin olunan ayda FİFA-nın reytinqində 37-ci pilləyə yüksələ bilib.

1994-cü ilin noyabrından indiyədək daim ilk “100-lük”də olan Makedoniya yığmasının tarixində ən pis göstərici həmin ilin mayında olub – 147-ci yer. Makedoniyalıların FİFA-nın reytinqində rekordu 2008-ci ilin oktyabrında 46-cı pilləyə yüksəlmək olub.

Honduras yığması 1993-cü ildən avqustundan yer aldığı FİFA-nın reytinq cədvəlində həmişə ilk “100-lük”də olması ilə bütün rəqibləri arasında mütləq rekordçudur. Mərkəzi amerikalıların ən pis göstəricisi 1998-ci ilin noyabrında 95-ci yerdə olmasıdır ki, milli komandamız ən yaxşı vaxtında da həmin pilləyə yüksələ bilməyib. Göründüyü kimi, honduraslıların “qara günü”nə də həsəd apara bilərik. DÇ-2010-a yola salacağımız rəqibin rekordu isə 2001-ci ilin sentyabrında 20-ci yerdə qərarlaşmasıdır.

Qeyd edək ki, milli komandamız Moldova ilə mayın 26-da, Makedoniya 29-da, Hondurasla iyunun 2-də görüşəcək.
0