Ramal Hüseynovdan sərt ittihamlar: Kişi kişiyə torba tikməz
07.04.2010 - 14:27
Ramal Hüseynovdan sərt ittihamlar: Kişi kişiyə torba tikməz
“Komandada yeganə narazı qaldığım şəxs baş məşqçi Böyükağa Hacıyevdir. O, gələndən sonra məni heyətdən qovmaq fikrinə düşdü. Məni öncə məşqlərdən, sonradan isə klubdan uzaqlaşdırdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Ramal Hüseynov deyib.

Unibank Premyer Liqasında martın 20-də “Turan”a 2:3 hesabı ilə məğlubiyyətdən sonra komandadan kənarlaşdırılan 26 yaşlı yarımmüdafiəçi müqavilə ilə mövsümün sonunadək kluba bağlıdır. Hazırda fərqi məşq edən Hüseynov baş məşqçisinin ona qarşı haqsızlıq etdiyini düşünür: “Turan”la oyunda 3-cü qolda məni günahlandırdılar. Guya topa bilərəkdən getməmişəm. Halbuki, həmin epizodda qapıçımız irəli çıxıb, sonradan dayanmaqla məni çaşdırdı. Qapıçının təhlükəni aradan qaldıracağını düşünüb, topa getmədim. Azərbaycanda hamı məni tanıyır. Mənim üçün komandaların fərqi yoxdur, meydana çıxanda bütün gücümü qoyuram. Problemim varsa, onu meydanda yox, kənarda həll edirəm. Böyükağa müəllim məni komandadan çıxartmağa bəhanə axtarırdı, onu da tapdı. “Standard” rəhbərliyi ilə yaxşı münasibətim var və klubla yeni müqavilə bağlamaq istərdim. Bir şərtlə ki, Hacıyev komandadan getsin. Rəhbərlikdən 3 aylıq maaşımı istəmişəm. Mükafat istəmirəm, halal xoşları olsun. “Standard”da maliyyə problemi yoxdur. İnanmıram ki, pulumu verməsinlər”.

Futbolçu Hacıyevin köməkçisi ilə insidentinin olmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, “Standard”ın çalışdırıcısı təkcə qapıçılarla işləyən Cəlal Məmmədovla yox, iki köməkçisi ilə də problemi olub: “Təkcə Cəlal Məmmədov yox, Zeynalabdin İbrahimov da mənim qohumumdur. Onlar Hacıyevin gəlişinə qədər “Standard”ın əvəzedici komandasında çalışırdı. Məmmədovla İbrahimov Hacıyev işsiz qalandan sonra ona həmişə dayaq durublar. Maddi vəziyyətdən korluq çəkməsinə imkan verməyiblər. Ancaq Hacıyev çörək pulu tapan kimi köməkçilərinə münasibəti dəyişdi, komandadan uzaqlaşdırdı. Kişi kişiyə torba tikməz”.

Qeyd edək ki, Hacıyevlə Məmmədov arasında “Neftçi”nin keçmiş bazası mübahisə dava-dalaşla nəticələnib.