Bəxtiyar Soltanov: “İnter” çempionluğa layiq deyil
16.05.2010 - 10:37
Bəxtiyar Soltanov: “İnter” çempionluğa layiq deyil
“Xəzər-Lənkəran”la oyun ağır keçdi. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Digər qarşılaşmaların nəticəsi bizim üçün vacib idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Bəxtiyar Soltanov deyib.

Ardıcıl ikinci il çempion ola bilmədiklərindən üzülən gənc futbolçu mövsümü titulla başa vurmaq istəyir: “Düzdür, yenə çempion olmadıq. Ancaq gümüş medalçı olmağımız da yaxşıdır. İnşallah, ölkə kubokunu götürərik. “Xəzər-Lənkəran”la final oyunu bizim üçün bundan da çətin olacaq. Ancaq istənilən halda, bu qələbəyə görə arxayınlaşmayacağıq. “Xəzər-Lənkəran” oyuna çıxanda, elə bil boşalmışdı. Sanki meydana artıq çempion kimi çıxmışdılar. Ancaq biz finalda belə olmayacağıq. Kuboku qazanmaq şansımız “Xəzər-Lənkəran”dan yüksəkdir və bunun üçün var-gücümüzü qoyacağıq”.

Soltanov çempionluğunu qazanan “İnter” haqda maraqlı açıqlama verib: “Mən “İnter”i çempionluğa layiq saymıram. Çünki biz onlardan güclüyük və çempionluğa daha layiq idik. Ancaq bəzi oyunlarda xal itirdiyimizə görə 2-ci olduq. Eybi yox, uğurlar arzulayıram”.

Mehman SÜLEYMANOV