UEFA-dan kobud səhv: Naxçıvan İran ərazisi kimi göstərildi - FOTO
17.05.2010 - 10:16
UEFA-dan kobud səhv: Naxçıvan İran ərazisi kimi göstərildi - FOTO
UEFA-nın rəsmi saytı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan növbəti kobud səhvə yol verib. Lent.az-ın məlumatına görə, Avropa futbol qurumunun rəsmi saytında dərc olunan “köhnə qitə”nin xəritəsində Naxçıvan Muxtar Respublikası İran ərazisi kimi göstərilib.

Qeyd edək ki, bundan öncə UEFA Naxçıvanı Türkiyənin ərazisi kimi göstərib. Lakin müvafiq qurumların müdaxiləsindən sonra yanlışlıq aradan qaldırılıb.

“UEFA-nın rəsmi saytında Naxçıvanla bağlı yol verilən yanlışlığın qısa müddətdə aradan qaldırılmasına nail olacağıq”. Bu sözləri isə lent.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.

Onun sözlərinə görə, əvvəllər Avropa futbol qurumu Naxçıvanı Türkiyə ərazisi kimi göstərib. Lakin AFFA-nın müdaxiləsindən sonra yanlışlıq aradan qaldırılıb: “Biz indi də UEFA-nı məlumatlandıracağıq. Yəqin ki, qısa müddətdə yanlışlığın aradan qaldırılmasına nail olacağıq. UEFA-da iş yerli vaxtla səhər saat 9:00-da, Bakı vaxtı ilə saat 12:00-da başlayır. Saat 12:00-da qurumun mənzil qərargahına zəng edəcəyik. Eyni zamanda, UEFA-ya rəsmi saytdakı yanlışlığı aradan qaldırması üçün məktub yazacağıq”.