Unibank Premyer Liqasının qalmaqalları: Top-11
19.05.2010 - 11:33
Unibank Premyer Liqasının qalmaqalları: Top-11
Ötən həftə başa çatan Unibank Premyer Liqasının 2009/10 mövsümü irili-xırdalı zəngin qalmaqallarla yadda qaldı. Müxtəlif səpgili xoşagəlməz hadisələrin arasında böyük əks-səda doğuranlar da, ört-basdır edilənlər də oldu. Apasport.az saytı bu qalmaqallardan ən yadda qalanların “11-liy”ini tərtib edir.

1. “Xəzər-Lənkəran” – “Neftçi”
Azərbaycan futbolu adına ləkə salan qarşılaşmada yaşanan biabırçılıqlar AFFA prezidenti Rövnəq Abdullayevin fövqəladə addımlar atmasına səbəb oldu. Stadionda yaşanan özbaşınalıqlar, döyülən hakimlər, buna səbəb olan hakim səhvləri, təhlükəsizliyin təmin olunmaması və hakimlərə hədə-qorxuya kimi hər şeyin yaşandığı qalmaqalda AFFA və PFL məmurlarına töhmət, bir sıra futbol adamlarına ciddi cəzalar verildi. Böyük pul cəriməsindən başqa, Lənkəran stadionunun direktoru 10, Ağasəlim Mircavadov 4 matçlıq cəzalandı.

2. “Turan” – “Neftçi”
AFFA və PFL-in biganə qaldığı ən böyük qalmaqal Tovuzdakı matçda yaşandı. Qarşılaşmanın fasiləsinədək 2:0 hesabı ilə irəlidə olan meydan sahiblərinin ikinci hissədə 3 qol buraxacağı əvvəlcədən apasport.az saytı tərəfindən elan olundu. Xəbərimiz öz təsdiqini tapdı və həmin nəticə qeydə alındı. Lakin oyunun nə dərəcədə danışılmış olduğunu araşdıran tapılmadı.

3. “İnter” – “Turan”
“Şəfa”dakı görüşün ən maraqlı hadisəsi 90 dəqiqə başa çatandan sonra başladı. İki klubun baş məşqçiləri Kaxaber Sxadadze ilə Nizami Sadıqov sanki şərikli mallarını bölüşə bilmirmiş kimi, əlbəyaxa döyüşə çıxdı. Bu qalmaqallı hadisə onların hər birinin 4 oyunluq cəzalanmasına səbəb oldu.

4. “Karvan”da qiyam
Neçə vaxtdır maaş ala bilməyən “Karvan” klubunun futbolçuları sona iki tir qalmış oynamaqdan imtina etdilər. Onsuz da Premyer Liqadakı yerini itirən yevlaxlıları yarı yolda buraxan futbolçu və məşqçilər komandanın son iki görüşdə darmadağınına səbəb oldu.

5. “Neftçi”də təmizləmə
“Neftçi” isə öz istəyi ilə əvəzedicilərin ümidinə qaldı. Son tur ərəfəsində ən yaxşı bombardiri Adrian Neaqa da daxil olmaqla, 6 legionerini qovan bakılılar çempionatın bitməsini gözləməyi lazım bilmədi.

6. Kamran Ağayevlə polislər
“Qarabağ” – “Xəzər-Lənkəran” matçından sonra baş verənlərin əsas qurbanı Kamran Ağayev idi. Buna qonaq komandanın qapıçısı oyunu idarə edən baş hakim Elçin Məmmədova sərt etirazı səbəb olub. Hakimlə mübahisə edən Ağayevi “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov sakitləşdirib. Hakimin əsassız qərarından əsəblərini cilovlaya bilməyən qapıçı oyundan sonra azarkeşlərin stadiona girməsinin qarşısını almaq üçün meydançaya daxil olan polis əməkdaşı ilə də mübahisə edib.
O, bununla kifayətlənməyib və rəqib komandanın bayrağını ayaq altına atıb. Bundan sonra yerli azarkeşlər meydançaya axışıb. Amma yerli polis şöbəsinin əməkdaşları futbol fanatlarının oyunçulara zərər verməməsinə müvəffəq olublar. Bundan başqa, bir nəfər yeniyetmə azarkeş Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən döyülüb. Onu polislərin əlindən “Qarabağ”ın futbolçusu Namiq Yusifov alıb. Bir polis əməkdaşı isə azarkeş tərəfindən fiziki təzyiqə məruz qalıb. O sifət nahiyəsindən sağlamlığına təhlükə törətməyən xəsarət alıb. Polis əməkdaşına əl qaldıran fanat asayiş keşikçiləri tərəfindən saxlanılıb.

7. Böyükağa Hacıyev və ərköyünləri
Premyer Liqanı tərk edən “Standard” mövsümü boyu daim gündəmdə oldu. Bu baş məşqçi Böyükağa Hacıyevin futbolçularının bir qismi ilə dil tapmamağından irəli gəldi. Oyunçularından Zeynal Zeynalov, Rəcəb Fərəczadə, Ramal Hüseynov, Fərid Quliyev, hətta köməkçilərindən də ikisi – Zeynalabdin İbrahimov və Cəlal Məmmədovla da problemləri olub. Bəzən mübahisə ilə kifayətlənən tərəflər hətta əlbəyaxa döyüşməkdən də çəkinməyib.

8. “Gürcü-müsəlman qırğını”
Mövsümün ən böyük dava-dalaşlarından biri “Şəfa”da qeydə alındı. “Olimpik-Şüvəlan”la “Standard” arasında oyun o dərəcədə gərginliyə səbəb oldu ki futbolçular arasında kütləvi dava başladı. Bakılılardan Tərlan Xəlilov, Cahangir Həsənzadə, Vüsal Qarayev, qonaqlardan isə legionerlər Georgi Seturidze, Sergi Orbelidze, David Çiçveyşvili arasında savaşı dəyərləndirən AFFA bu futbolçuların hamısını cəzalandırdı. Üstəlik, sumqayıtlıların inzibatçısı Elkin Məmmədovun da günahkar olduğu üzə çıxdı. Səmədağa Şıxlarovun da qalmaqal iştirakçısı olduğu haqqında xəbərlər yayılsa da, “Olimpik-Şüvəlan”ın məşqçisinin günahsız olduğu aşkarlandı.

9. Əmrah Çəlikəl polis bölməsinə aparıldı
“Qarabağ” – “Neftçi” oyunundan öncə Quzanlı Olimpiya Kompleksinin stadionunun VİP lojasında xoşagəlməz hadisə yaşanıb. Meydan sahiblərinin baş direktoru Əmrah Çəlikəl əzəli rəqiblərin görüşünü izləmək üçün VİP lojada özünə yer tapmayıb. Ayaq üstə qalmaq istəməyən Çəlikəl VİP-də oturanlardan birinin yerindən durmasını tələb edib. Deyilənlərə görə, həmin şəxs Quzanlı Olimpiya Kompleksinin direktorunun oğlu olub. O, Çəlikəlin sözlərini rədd etdikdən sonra aralarında əlbəyaxa döyüş yaranıb. Bu zaman VİP-də Ağdam rayonunun və “Neftçi” klubunun rəhbərliyi də olub. Onlar qalmaqalçıları sakitləşdirə bilmədiyindən hadisəyə polis müdaxilə edib. Hüquq mühafizə əməkdaşları Çəlikəli və direktor oğlunu Polis Şöbəsinə aparıb. Amma az keçməmiş “Qarabağ” rəsmisi geri qayıtsa da, qalmaqalın digər iştirakçısı stadionda görünməyib.

10. “Şirin cütlük”
“Karvan” – “Standard” matçı ənənəvi düşmənlərin iştirakı ilə növbəti döyüş səhnəsinə meydan oldu. Hakimin final fitindən sonra qəzəbli olan Emin Quliyev qırmızı vərəqə almasında əsas günahkar kimi gördüyü “Standard”ın futbolçusu Murad Ağakişiyevin üzərinə hücum etdi. 33 yaşlı müdafiəçi onunla haqq-hesab çürütməyə çalışıb. Tərəflər əvvəlcə mübahisə etməyə başlayıblar. Mübahisənin əlbəyaxaya davaya keçməsinə futbolçuların komanda yoldaşları mane olublar. Quliyevlə Ağakişiyev futbolçuların əhatəsindən çıxmaqla bir-birilərinin üzərinə gəlsə də, onları sakitləşdirmək mümkün olub. İnsidentdən sonra Ağakişiyev “Karvan”ın baş məşqçisi Yunis Hüseynova yaxınlaşaraq, Eminin meydandan qovulmasında günahkar olmadığını bildirib. Bu futbolçular karyeraları ərzində müxtəlif klublarda oynadığı vaxtlarda dəfələrlə savaşıblar.

11. Azarkeşin vəhşicəsinə döyülməsi
“İnter” - “Qarabağ” görüşünün qurbanları isə azarkeşlər olub. Fanatlar arasında qarşıdurma böyük əks-səda doğurub. Belə ki, “İnter”in fanatı Asif Xudayev bir neçə nəfər tərəfindən vəhşicəsinə döyülüb və bıçaqla hədə-qorxuya məruz qalıb. Bunu “Qarabağ” fan-klubunun üzvlərinin törətdiyi bildirilsə də, qarşı tərəf ittihamla razılaşmayıb. Xudayev isə elə ciddi zədə alıb ki, həkim onun 3 ay işləməsinə qadağa qoyub.