“Bunu heç vaxt özümə bağışlamayacağam”
19.05.2010 - 17:42
“Bunu heç vaxt özümə bağışlamayacağam”
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Unibank Premyer Liqasının sonuncu turunda “Bakı” ilə matçın son dəqiqələrində sizi texniki zonada görmədik. Hətta oyunsonrası mətbuat konfransına da gəlmədiniz...
- Açığı, halım çox pis idi. Məşqçilik karyeramda heç vaxt belə vəziyyətə düşməmişdim. Klubumuzun həkimi Boris Xetaqurov mənə iynə vurdu. Vurmasaydı, halım daha da pisləşə bilərdi. Bir gün özümə gələ bilmədin. Oyundan üç gün keçsə də, inanın mənə, hələ normal yata bilməmişəm. Çox fikirləşirəm ki, harada səhv etmişəm.

- Həmin səhvi tapa bildinizmi?
- 35-37 illik məşqçilik karyeramda görməmişəm ki, 9 ay çəkdiyin zəhməti bir oyunla hədər verəsən. Sözsüz ki, komanda uduzanda, hamı günahkardır, ilk növbədə də baş məşqçi. Komanda üçün çox işlər görsək də, istədiyimiz kimi alınmadı. Bunu deyəndə, hər şeyi nəzərdə tutmuram. Komanda onda komanda olur ki, prinsipial oyunlarda qalib gəlir. Məşqçilik karyeramda həlledici görüşü uduzduğum vaxt olmamışdı. Belə vacib oyunların taleyini komandanın liderləri həll etməlidir. Bu zaman komanda formalaşır və nə tələb olunduğunu bilir. Əlbəttə, oyunçuların da böyük əməyi olmalıdır. “Xəzər-Lənkəran”da futbolçuları adbaad deyəndə, hamısı normaldır. Amma özlərinə tələbatı itirdilər. Həmin görüşlə biz məşqçilər də daxil olmaqla, adımızı, imicimizi itirdik. Bu da ilk növbədə oyunla bağlıdır. Deyək ki, pis oynadıq, bu da düzgün çıxmaz. “Bakı”nın vurduğu qoladək çox gözəl, əla oynadıq. Amma buraxdığımız qoldan sonra komanda oyununu itirdi. Hətta fasilədə biz futbolçularla sakit halda, fərdi qaydada söhbətləşdik. Deyərdim ki, cari mövsüm “Xəzər-Lənkəran”ın heyətində meydanda lider yox idi. Ağır matçlarda lider futbolçunun sözü, hərəkəti komandaya meydanda böyük təsir göstərir. Məşqçi kənardan öz sözünü deyir, ancaq daxildə liderin olması lazımdır. Özü də deyim ki, bizdə lider yerli futbolçu olmalı idi. Amma yoxdur. Belə bir təhlil etmişəm ki, “Xəzər-Lənkəran”, “İnter”, “Bakı” və “Neftçi” klublarında yerli aparıcı futbolçu olmadığı üçün sabit oynamırdılar. “Qarabağ”da yerli futbolçular, liderlər çox olsa da, tam sabit oynamadılar. Ola bilsin ki, gücləri olmadı, gənc futbolçular olduğu üçün nəsə çatmadı. Mən bunu sadəcə, kənardan apardığım təhlillər əsasında deyirəm. Digər problemimiz odur ki, dəvət etdiyimiz legionerlər Azərbaycana alışmadılar. Onlar çempionatımız haqda başqa cür fikirləşirdilər. Təsəvvür edirdilər ki, oyunları asan udmaq olar. Bu haqda legionerlərimizlə təkbətək çox danışmışıq, onlara çempionatın oyunlarının videoyazısını da vermişik. Yəni həddindən artıq çox iş gedib. Bir oyunla hər şeyi itirmək də olmaz. Çünki bu, komandadır və onun gələcəyi var. Həmişə demişəm ki, Azərbaycanda həmişə qızıl medallar uğrunda mübarizə aparmalı olan 2-3 klub var. Bunun birincisi də “Xəzər-Lənkəran”dır. Bir də bunu “Xəzər-Lənkəran”ın azarkeşləri üçün etmək lazımdır. Mən onlara indidən öz minnətdarlığımı bildirəm. Onlar həmişə yaxşı, ağır günümüzdə yanımızda olublar. Heç vaxt azarkeşlərdən inciməmişəm, həmişə onlarla bir yerdə olmuşam.

- Amma azarkeşlər oyunun sonunda sizi istefaya səslədilər. Bunu necə qəbul etdiniz?
- Həmin vaxt texniki zonada idim. Bilirsiniz, istefa şüarı Azərbaycana pis mənada dəb halını alıb. SSRİ dövründə, başqa çempionatda da bu söz yox idi. Fanatlar komandaya gəlib, öz narazılıqlarını deyə bilərlər. Ancaq istefaya səsləmək siyasi yoldur. Bu söz siyasətdən gəldiyi üçün futbola yaddır. Mən SSRİ vaxtında oynayanda, işləyəndə belə söz eşitməmişdim.

- Bunu sizə qarşı məqsədli şəkildə edə bilərdilərmi?
- Yox-yox. Azarkeşləri başa düşürəm. Ancaq axı niyə oyundan sonra, yaxud 2-3 gün öncə görüşəndə gəlib öz sözünü demirlər? Həmişə azarkeşlərlə oturub-durmuşam. Ayda 1-2 dəfə Lənkərandakı bazaya yığışıb, söhbət etmişik. Biz Lənkəran bölgəsində komanda yaradıb, futbolu birgə inkişaf etdirmək istəyiriksə, belə hərəkətlərlə buna nail olmaq olmaz. Söhbət məndən getmir. Məşqçinin sabah müqaviləsi qurtaracaq, sakit halda çıxıb gedəcək, onun yerinə başqası gələcək. Komanda yenə pis oynayanda, onu istefaya səsləyəcəklər? Bilirsiniz, qışqırmaq asandır, ancaq kömək etmək lazımdır. Sankt-Peterburqda “Birlik kuboku” turniri zamanı “Zenit”in əvəzedici komandası da çıxış edirdi. Mən onların azarkeşlərindən zalda bircə kəlmə söyüş eşitmədim.

- Özü də qapalı manejdə deyilən sözlər daha yaxşı eşidilir...
- 10 min adam idi, hamısı da bir yerə yığılmışdı. Elə mahnılar oxuyurdular, gənc futbolçuları elə qələbəyə səsləyirdilər ki... “Zenit” həmin oyunda uduzsa da, onlar üçün əl çaldılar. Görüşdən sonra fanatların rəhbəri komandanın baş məşqçisi ilə sakit halda söhbətləşdilər. Deyərdim ki, bu, sivil yoldur. Nə söyüş, nə başqa hərəkətlər var. Harada işləmişəmsə, demişəm ki, biz birinci növbədə azarkeşlərimizi fikirləşməliyik. Stadiona gələn azarkeşlər bizim 12-ci oyunçumuzdur.

- Son oyunda hər şey “Xəzər-Lənkəran”ın öz əlində idi. Belə gözəl fürsətin, nəticənin əldən buraxılmasına görə azarkeşləri başa düşmək olarmı?
- Sözsüz ki, onlar da çempion olmağımızı istəyirdilər. Açıq deyirəm ki, mən bunu özümə faciə sayıram. Burda heç kimi qınamaq lazım deyil. Amma həyat bununla qurtarmır axı. Bunun sabahı var. Məndən söhbət gedirsə, öz fikrimi demişəm. Mövsüm qurtarsın, kubokun final matçını da oynayaq, bundan sonra rəhbərliklə söhbətimiz olacaq. Hər yerdə bir iz qoymaq lazımdır. Biz məşqçilər korpusu vicdanla çalışmışıq. Başa düşürəm, söz-söhbət çoxdur. Özü də olmayan şeylər... Əsas məsələ budur. Elə söz-söhbətlər gəzir ki, adam həm utanır, həm də iyrənir.

- Komandanız görüşə çox yaxşı başlamışdı. Belə oyun tempinin davamı niyə gəlmədi?
- Bu il keçirdiyimiz oyunlara heç vaxt belə güclü başlamamışdıq. Gərək, birinci dəqiqədə qol vuraydıq. Daha sonra Mario Souza ilə Emeka Opara qol vurmalı idi. Ancaq Oparanın zərbəsindən sonra rəqib qapıçı çətinliklə topu çıxardı. Məşqlərdə onların əks-hücumlarını təhlil edib, buna da hazırlaşmışdıq. Yəni, hansı oyunçu haranı tutacaq, bunu məşqdə demişdik. Cari mövsümdə “Xəzər-Lənkəran” standart vəziyyətlərdən çox asan toplar buraxır. Halbuki, məşqlərdə bunun üzərində çox çalışırıq. Ya futbolçuların diqqətindən kənarda qalır, ya da mövqe səhvlərinə yol veririk. Bir ilə komanda formalaşmır, mən bunu açıq deyirəm. İstədiyimiz komandanın olması üçün ən az 2 il vaxt lazımdır və yerli futbolçu mütləq olmalıdır.

- Oyundan sonra klubun sahibi Mübariz Mənsimovla görüşə bildinizmi?
- Bəli. Söhbətimiz çox gözəl alındı. Mübariz müəllim hətta komandanın Avropada layiqli oynayacağına inandığını bildirdi. İndiki halda, Azərbaycan klubları Avropada mütləq nəsə etməlidir. Ya qrup, təsnifat mərhələsinə düşməlidir, ya da iki-üç mərhələ keçməlidir. Çünki bu, çox lazımdır. Həmişə demişəm ki, gələn ilin avrokuboklarına indidən hazırlaşmaq lazımdır.

- Mübariz Mənsimov oyundan sonra sizi dəstəklədiyini bildirdi. Dedi ki, nə qədər ki, “Xəzər-Lənkəran”ın sahibidir, baş məşqçi postunda Mircavadov qalacaq....
- Açığı, Mənsimovun açıqlamalarını izləməmişəm. Mən elə məşqçiyəm ki, nəticə olmayanda, özüm komandada qalmaq istəmirəm.

- Yəni, sizin həmişə nəticə qazanmağınıza vərdiş etmişik...
- Söhbət bundan getmir. Çempionluğu çox asanlıqla əldən verdik. Bunu heç vaxt özümə bağışlaya bilmirəm. Buna görə, futbolçulara dedim ki, mən sizi bağışlamıram. Futbolçunun hansısa oyunda səhvinin üstündən keçmək olar. Ancaq belə bir oyunda nəticə qazanmamaq, 9 ayın zəhmətini yerə vurmaq, bağışlanmazdır. Mən görmədim ki, futbolçular meydanda “torpaq yesinlər”. Onların gözlərinin alışıb-yandığını görmədim.

- “Xəzər-Lənkəran” ardıcıl üçüncü dəfədir ki, çempionatın sonunda büdrəyərək 4-cü yeri tutur. Bunun ikisi sizin vaxtınızda olub. Bu, arzuolunmaz ənənə nə ilə bağlıdır? Yəni, son anda komandaya nə mane olur?
- 2008-ci ildə Azərbaycan kubokunu qazandığımız zaman çempionatda xal ehtiyatımız az idi. Ancaq indi elə idi ki, bir oyun çempionluğun taleyini həll edirdi. Özü də hər şey özümüzdən asılı idi, evdə oynayırdıq. Deyərdim ki, stadion 50 min nəfərlik olsaydı, tamamilə dolardı. Yenə deyirəm ki, azarkeşlərimizi qınamıram və onlara öz minnətdarlığımı bildirirəm. Səhvləri təhlil edib, bunun qarşısını alıb işləmək, başqa şeydir. İnsan nə edirsə, özü-özünə edir. Özü də deyim ki, Azərbaycanda bir-birini istəməyən, bir-birinin paxıllığını çəkən nə qədər insanlar var. Bunların sayı həddindən artıqdır. Bizdə qətiyyən yoxdur ki, müsəlman, azərbaycanlı kimi bir-birimizə hörmət, kömək edək.

- Sizcə, bütün bunlar nə ilə bağlıdır?
- Nə deyim, vallah. Özüm də məəttəl qalmışam ki, niyə belə hərəkətlər edirik, bir-birimizi qələbəsinə, uğuruna ürəkdən sevinmirik...

- Bildiyimizə görə, legionerlərinizdən bolqarıstanlı İvan Svetkovla moldovalı Denis Kalinkovun indiki durumu sizi qane etmir...
- Əvvəl də qane etmirdi. Söhbət təkcə onlardan getmir. Başqaları haqda da deyə bilərəm. Heç kim sabit oynamadı. Hər bir futbolçuda, komandada oyun pozuntusu ola bilər. Ancaq belə çox yox. Bir də zəif oyunumuz orta xəttin tam olmamağı ilə bağlı idi. Juninyo Osvaldoya çox bel bağlayırdıq, zədələndi. Dieqo Qusmao da eyni problem oldu, uzun müddət oynamadı. Devran Ayhan yaxşı başladı, sonra xəsarət aldı. Orta xətti tez-tez dəyişmək fikrim də yoxdur. Dəyişəndə mənim üçün ağır olar. Həmişə deyirəm ki, orta xəttə komandanın ürəyidir. Hər şey ordan başlayır.

- Ən çox Azərbaycan çempionu olan baş məşqçi kimi “İnter”in qızıl medallar qazanmasına haqda fikirlərinizi bildirərdiniz?
- Bu komandanı təbrik edirəm.

- “İnter”in çempionluğunu necə qəbul etdiniz? Bu komandanı çempionluğa layiq sayırsınız?
- Söhbət layiq olub-olmamaqdan getmir. Çempion olublar, qurtardı getdi.

- Yəni, qalibi mühakimə etmirlər...
- “İnter” Çempionlar Liqasında uğurlar diləyirəm. Bunu avrokuboklara çıxan bütün komandalarımıza arzulayıram. Hansısa Azərbaycan klublarının uğuru olmalıdır. Bu, bizim imicimiz, Azərbaycanın adı üçün vacib lazımdır.

Mehman SÜLEYMANOV