“32”lər: Branimir Subaşiçin imtina etdiyi komanda
20.05.2010 - 23:01
“32”lər: Branimir Subaşiçin imtina etdiyi komanda
Dünya çempionatının final mərhələsinin startına 21 gün qalıb. Mundial iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı bu dəfə sizləri Serbiya yığması ilə tanış edir.

Dosye
Federasiya: Fudbalski Savez Srbije (Serbiya Futbol İttifaqı)
Federasiya prezidenti: Tomislav Karaciç
Yaranma tarixi: 1919 (2006-cı ildə Çernoqoriyadan da ayrılıb)
1921-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdür.
Baş məşqçi: Radomir Antiç
Ləqəbi: ağ qartallar, plavi
Rəngləri: tünd qırmızı, göy və ağ
Tarixinin ilk oyunu: Çexiya 3:1 (1906)
Yığmada ən çox oyun keçirənlər: Savo Miloşeviç (102), Deyan Stankoviç (85), Draqan Stoykoviç (84)
Yığmada ən çox qol vuranlar: Savo Miloşeviç (37), Predraq Miyatoviç (28), Deyan Saviçeviç (19)
Məşhur oyunçuları: Miyatoviç, Miloşeviç, D.Stoykoviç, Mihayloviç, Krstaiç, Stankoviç, Miloşeviç, Saviçeviç, Kovaçeviç, Kejman, Jiqiç, Lazoviç, Vidiç, Panteliç, Krasiç

Nailiyyətləri
Müxtəlif vaxtlarda Yuqoslaviya, Serbiya və Çernoqoriya kimi çıxış edən yığmanın varisi sayılan Antiçin yetirmələri 11-ci mundialın final mərhələsində oynayacaq. Millinin 1930 və 1962-ci illərdə yarımfinalda oynaması serblərin ən böyük uğurudur. Ağ qartallar Avropa birinciliklərində daha uğurla çıxış edib. 1960 və 1968-ci illərdə yalnız finalda uduzan “plavi” 1976-cı ildə yarımfinal, 10 il əvvəl isə 1/4 finalda mübarizəni dayandırıb. Ötən əsrin ortalarında olimpiadaların əsas favoriti olan Yuqoslaviya ardıcıl 4 dəfə final matçında oynamaqla bir qızıl (1960) və 3 gümüş (1948, 1952, 1956) mükafat qazanıb.

DÇ yolunda
Farer adaları (2:0, 2:0), Fransa (1:2, 1:1), Litva (3:0, 1:2), Avstriya (3:1, 1:0), Rumıniya (3:2, 5:0) komandaları ilə Avropanın 7-si seçmə qrupunda mübarizə aparan “tünd qırmızılar” özlərinin də gözləmədiyi dərəcədə inamlı çıxış etdi. Fransa kimi favorit, Rumıniya və Avstriya kimi final mərhələsi iddiasında olan rəqiblərlə rəqabətdə Antiçin yetirmələri asanlıqla istəyinə çatdı. Artıq ikinci oyununda Fransadan xalsız qayıdan “ağ qartallar” ardıcıl 5 qələbə ilə zirvədə yerini möhkəmlətdi. Fransızlarla heç-heçdən sonra Rumıniyalıların darmadağın edilməsi isə qrup birinciliyinin təminatı üçün yetərli idi. Litvaya uduzulan görüş isə formal xarakter daşıyırdı.

Qapıçısız da oynamaq olar, əsas məşqçidir
Serbiyalılar seçmə mərhələdəki oyunları və nəticələri ilə dünyanı təəccübləndirə bildi. Bu da sözsüz ki, bir nəfərin adı ilə bağlıdır. Antiçin belə komandanın formalaşmasında xidmətləri danılmazdır. Hərçənd, tanınmış mütəxəssisin kifayət qədər problemləri də var ki, bu da əsasən qapı xətti ilə bağlıdır. Yığmanın “1 nömrə”si sayılan Vladimir Stoykoviç bu gedişlə Azərbaycana da gələcək. Portuqaliya “Sportinq”inə məxsusu olan və gündə bir komandaya icarəyə verilib, hər dəfə də ehtiyatda qalan serbiyalı oyun praktikası sarıdan korluq çəkir. Onu əvəz edə biləcək Vladimir Dişlenkoviç, Boyan İsailoviç və Jelko Brkiç zəif klubları təmsil etdiyindən şanslı görünmür.

Arxa xəttə görə isə Antiç tam rahatdır. Axı “Çelsi”nin sağ cinah müdafiəçi Branislav İvanoviçlə, “Mançester Yunayted”in arxa xəttinin dirəyi olan Nemanya Vidiç kimi oyunçulara malikdir. Sonuncu ilə yanaşı, mərkəzdə Neven Subotiç çıxış edir. Vaxtilə ABŞ və Almaniya onu milliləşdirək istəsə, serblər cəld tərpənərək Bundesliqada top qovan ulduzunu saxlamağa nail oldu. Sol cinah isə “Udineze”li Aleksandar Lukoviçin sərəncamındadır.

Orta sahənin mərkəzində “ağalıq” edən məşhur Deyan Stankoviçlə sağda mübarizə aparan Miloş Krasiçin parlaq oyununa isə çoxları həsəd apara bilər. Sol cinahı Milan Yovanoviçə həvalə edən Antiç Deyanla yanaşı oynatmaq üçün geniş seçim imkanına malikdir. Miliyas, Kaçar və Kuzmanovski və Ninkoviç bu işdə fayda vermək iqtidarındadır.
Ehtiyac yaranan halda, Yovanoviçi də hücuma atan baş məşqçi PSV-də oynayan Danko Lazoviçi sonradan meydana çıxan futbolçu kimi saxlayır. Start heyətdə isə ucaboy Jiqiçlə Panteliç yer alır.

Oyunlarının təqvimi
13.06.2010 Qana
18.06.2010 Almaniya
23.06.2010 Avstraliya

Mundial iştirakçısı və biz
Futbolçularımız indiyə kimi Serbiya komandaları ilə kifayət qədər görüşüb. “Plavilər” yığmamızın tarixinə hər mənada düşüb. 2003-cü ildə millidən üz döndərə futbolçuların yoxluğunda, sınıq-salxaq vəziyyətdə Serbiya və Çernoqoriya millisi ilə görüşən Əsgər Abdullayevin yetirmələri səfərdə tarix yazmışdı. Qurban Qurbanovun dublu millimizin tarixində ilk dəfə rəsmi matçda səfər xalı qazanması üçün kifayət etdi. “Şəfa”dakı görüşdə isə Qurbanov və yoldaşları daha amansız oldu – 2:1. 2006-cı ilin sentyabrında səfərdə 0:1 hesabı ilə uduzduğumuz matç da tarixə düşdü.

Çünki yığmamız ilk dəfə boş tribunalar önündə oynadı. Buna Belqrad stadionunun cəzalı olması səbəb oldu. Son dueldə isə rəsmi oyunlardakı ən ağır ev məğlubiyyətimiz rəsmiləşdi – 1:6. Serblərlə Avro-2004-ün seçmə mərhələsində görüşən U-21 isə rəqibindən xal ala bilmədi – 0:3 və 0:2. İki dəfə “plavi”lərlə rəqib olan U-17 2006/07 mövsümündə 1:5 hesabı ilə darmadağın olsa, da ötən payız qolsuz heç-heçəyə sevindi.

Təlim-məşq toplanışlarında dəfələrlə serblərlə oynayan klublarımız qitə kuboklarında da 3 dəfə balkanlılarla üz-üzə gəlib. 1999/2000 mövsümündə “Srvena Zvezda”nı Bakıdakı oyunun gedişində 2:0 hesabı ilə öndə olan “Neftçi” ardıcıl 3 qol buraxmaqla şok yaşadı. Belqradda isə meydan sahibləri 1:0 hesabı ilə qalib gəldi. İki il əvvəl “İnter” və “Olimpik” Serbiyada məğlubiyyətlər aldı. Hər iki komandamız evdə 1:1-lə kifayətləndi. “İnter” “Partizan”la cavab oyununda 2, “Olimpik” isə “Voyvodina” ilə ilk oyunda 1 cavabsız qol buraxdığı üçün mərhələ adlaya bilmədi.

Subaşiçin vətəni
Serbiya futbolu ölkəmizdə təkcə komandaları ilə oyunlarımıza görə deyil həm də futbolçularına görə tanınır. Artıq 6 ildir ki, hər transfer dövründə onlarla serbiyalı klublarımıza keçir. Daha artığı baxışa dəvət olunur, danışıqlar aparır. 2004/05 mövsümündə başlayan axın ərzində 100-ə yaxın serbin çıxış etdiyi ölkəmizdə ən məşhurları Branimir Subaşiç, Vladimir Miçoviç, Milan Zaqoratsdır. Ölkəmizdə 5 il çıxış edən sonuncularla müqayisədə vətənində daha tez qayıdan Branimir yığmamızın da şərəfini qoruyub. Serbiya millisindən imtina edən 28 yaşlı hücumçu hətta həmvətənlərinə 1:6 uduzduğumuz görüşün iştirakçısı olub. Millimizdə keçirdiyi 26 qarşılaşmada 6 qol vurmaqla, komandanın ən məhsuldar oyunçuları siyahısına da düşüb. Hazırda “Srvena Zvezda”da çıxış edən Subaşiç artıq neçə vaxtdır nə klub, nə yığmada oynayır.

Azərbaycanda serbiyalı baş məşqçiyə də təsadüf olunub. 2005/06 mövsümünün ilk 7 turundan sonra “Olimpik”in “sükanı arxasına” keçən Peter Kurçubiçin fəaliyyəti 19 matçdan ibarət olub.

Apasport.az-ın proqnozu: 1/8 final.

Vüqar XEYRULLAYEV