“Elə etməliyik ki, cavab qarşılaşmasında işimiz asan olsun”
09.07.2010 - 13:33
“Elə etməliyik ki, cavab qarşılaşmasında işimiz asan olsun”
“Yaxşı oyun oldu. Meydanda gücümüzü qoyduq. Təbii ki, Bakıda qələbə qazandığımızı nəzərə alıb, müdafiədən oynadıq. Çətin olacağını bilirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Metallurq”la qarşılaşan “Qarabağ” səfərdə heç-heçə edib. Bakıdakı oyunda 4:1 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi Skopyedə də hesabı açan tərəf olub. Lakin Qurban Qurbanovun yetirmələri qələbəni son dəqiqələrdə əldən veriblər. Medvedev bunu bir qədər arxayınlaşma ilə izah edib: “Bakıda 4:1 hesabı ilə qələbə qazanmışdıq. Oyunun başa çatmasına 15 dəqiqə qalmış hesabda irəli çıxdıq. Ümumi hesabda 5:1 öndə olmağımız bizi bir qədər arxayınlaşdırdı. Sona yaxın qol buraxdıq. Əsas odur ki, mərhələdə adladıq”.

“Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə qarşılaşacaq. İlk qarşılaşmanın səfərdə keçiriləcəyini nəzər alan müdafiəçi cavab oyununu formallığa çevirməyin vacibliyini vurğulayıb: “Səfərdə yaxşı oynamalıyıq. Bakıya sərfəli nəticə ilə dönməliyik. Yəni elə etməliyik ki, cavab qarşılaşmasında işimiz asan olsun”.