“Əcnəbilər burda diskoteka, bar axtarırlar” - MÜSAHİBƏ
10.07.2010 - 23:01
“Əcnəbilər burda diskoteka, bar axtarırlar” - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun hücumçusu Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi

- Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
- Nə bilim, qarşıma hansı sahə çıxsaydı, onu da seçərdim. Bəlkə də güləşçi olardım.

- Maraqlandığınız sahə olubmu?
- Ancaq idmanla maraqlanmışam. Yəqin ki, futbolçu olmasaydım, yenə idmançı olardım.

- Futbolun digər növlərdən üstünlüyü nədir?
- Maraq böyükdür. Heç bir idman növünə futbol qədər azarkeş marağı yoxdur. Bu da yeni nəslin bu sahəyə yönəlməsində mühüm rol oynayır.

- Karyeranız ərzində həm Bakı, həm də rayon klublarında oynamısınız. Rayonda yaşamaq çətindirmi?
- Əlbəttə, çətindir. Ailəmdən kənarda yaşamaq məcburiyyətində qalıram.

- Əsas çətinlik bununla bağlıdır?
- Bəli, o əcnəbilərdir ki, getdiyi yerdə bar, diskoteka axtarır. Bizim belə problemimiz yoxdur.

- Yenidən rayon klubunda oynamağından narahat deyilsiniz?
- Qətiyyən. “Xəzər-Lənkəran” kimi komandanın formasını geyinmək sevindirici haldır.

- Klublar özünə rənglər seçirlər. Bunun siz üçün fərqi varmı?
- Xeyr, formasını geyindiyim klublardan ən yaddaqalanı “Xəzər-Lənkəran” və “İnter” olub. Əsas uğurlarımı bu klubların heyətində qazanmışam.

- Özünüzün üstünlük verdiyiniz rəng hansıdır?
- Yaşıl.

- Nəyə görə?
- Yaşıl rəng İslam dininin rəmzidir. Özüm namaz qılır, oruc tuturam. Həm də yaşıl təbiətin oyanması, varlığı deməkdir.

- Çoxdan ailə qurmusunuz?
- 9 ildir.

- Övladlarınız var?
- Bir oğlum və bir qızım var.

- Deyəsən, bu gün (söhbət iyulun 9-da olub) oğlunuzun doğum gününü qeyd edirsiniz?
- Bəli, 8 yaşı tamam oldu.

- Valideyn üçün övladın sevincli günlərini qeyd etmək nə deməkdir? Hansı hissləri keçirirsiniz?
- Əlbəttə, valideyn olduqdan sonra öz valideynlərinin qədrini bilirsən. Hiss edirsən ki, bizi böyütdükcə az əziyyət çəkməyiblər.

- Necə düşünürsünüz, valideyn kimi övladlarınızın qarşısında öz borcunuzu layiqincə yerinə yetirə bilirsinizmi?
- Buna çalışıram. Yüz faiz olmasa da, bacardığım qədər üzərimə düşəni yerinə yetirmək istəyirəm. Onların tərbiyəli və savadlı böyüməsi üçün lazım olan şərait yaradılır.

- Özünüz necə, elə vaxt olubmu ki, qarşınızdakına hörmətsizlik edəsiniz?
- Olub, sonra çox peşmançılıq çəkmişəm.

- Bəs üzr istəmisiniz?
- Bəli.

- Adətən bizdə insanın səhvi olanda da, üzr istəməyi özünə rəva bilmir.
- Belə insanlar var. Ancaq insan üzr istəməyi də bacarmalıdır. Söhbət insandan gedir. İstənilən vaxt hər birimiz səhv edə bilərik. Əsas odur ki, bundan nəticə çıxara.

- Ailənizə lazımi səviyyədə qayğı göstərə bilirsinizmi?
- Bu günümüzə də çox şükürlər olsun. Onların qayğısız yaşaması üçün əlimdən gələni edirəm.

- Xaraktercə sakit insansınız. Bu siz problem yaradırmı?
- Təbiətim belədir. Niyə də problem yaratsın?

- Sizin bu xarakterinizdən istifadə edənlər olubmu?
- Çox olub. Buna bilə-bilə getməmişəm. Sonradan bilmişəm və həmin insanları sonradan özümə yaxın buraxmamışam.

- Dostluğa necə, önəm verirsinizmi?
- Yaxşı dost, qardaşdan da irəlidir.

- Qardaş qardaşla dost ola bilərmi?
- Niyə də yox? Bu zaman qurulan dostluq daha möhkəm olur. Çünki eyni qanı daşıyırsan.

- Qardaşınız Füzuli ilə bir müddət eyni komandada oynamısınız. Onunla dostluq etməyi bacarmısınızmı?
- Əlbəttə, ümumiyyətlə onunla dostluğumuz da, qardaşlığımız da həmişə tutub, münasibətlərimiz əla olub.

- Bağışlamağı necə, bacarırsınızmı?
- İnsan bunu mütləq bacarmalıdır. Kin saxlamaq, paxıllıq etmək mənə yaraşmaz. Bağışlamaq özü böyüklük əlamətidir. Hər kəs bunu etməlidir.

- Bizim futbolçular niyə qapalıdırlar?
- Bu, mentalitetimizdən, təbiətimizdən, əxlaqımızdan irəli gəlir. Kənara çox informasiya vermirik. Düzdür, bu sahədə çılğınlarımız da var.

- Bəziləri savadsız olduqlarını bildikləri üçün danışmaqdan qaçırlar...
- Elələri də var. Ancaq qapalı olmağımız bununla bağlı deyil.

- Yaşamaq ümidiniz nədir?
- Ailəm, atam, anam xoşbəxt olsun. Başqa heç nə istəmirəm. Heç vaxt varlı-dövlətli olmaq istəməmişəm. Gündəlik çörək tapsam, mənə kifayətdir.

- Hücumçu olduğunuza görə, tez-tez fərqlənirsiniz. Qol vuranda hansı hissləri keçirirsiniz?
- Təbii ki, sevinirəm. Çünki zəhmətimin qarşılığını görürəm.

- Qol vurarkən futbolçular sevinclərini müxtəlif şəkildə qeyd edirlər. Ancaq siz sanki sevinmirsiniz.
- Bu xarakterimdən irəli gəlir. Sakit təbiətli insanam, çılğın deyiləm.

- Ailədə son beşiksiniz?
- Xeyr, ortancıl uşağam.

- Peşəkar futbolçu olduqdan sonra məhəllədə, uşaqlarla futbol oynamısınızmı?
- Çox olub. Uşaqlarla yığışıb, tez-tez futbol oynamışıq. Ola bilsin, buna görə kimsə bizi qınasın. Ancaq bu futbolu sevməyimdən irəli gəlir.

- Xəyanətlə üzləşmisinizmi?
- Olub, insanları da bu yolla tanımaq olur. Dostunu, düşmənini beləcə ayırd edirsən. Sənə xəyanət edəndən qaçırsan.

- İnsanları tanımağı bacarırsınızmı?
- Az olsa, bəli.

- Kitab oxumaqla aranız necədir?
- Əsasən dini kitablar oxuyuram.

- Bu gün dinə maraq artıb. Amma əksəriyyəti fanatik şəkildə bu yola qoşulur.
- Məncə, bunun xeyri var. İnsan yaradana bir qədər də yaxın olur. Təbii ki, nəyisə düşünərək, dərk etmək lazımdır. Fanatik olmaq, yaxşı nəsə vəd etmir.

- Yaşı oynamayanda azarkeş qınağı ilə rastlaşmısınızmı?
- Bəli, onda adam utanır, təkliyə çəkilmək istəyir.