Vinfred Şafer üçün qisas anı
16.07.2010 - 23:01
Vinfred Şafer üçün qisas anı
Avropa Liqasının III təsnifat mərhələsində “Bakı”nın potensial rəqibi olan Danimarkanın “Brondbü” klubu paytaxt təmsilçisinin baş məşqçisi Vinfred Şaferə çox yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis əvvəllər də bu komanda ilə qarşılaşıb.

“Karlsrue”nin tarixinə klubu avrokuboklara çıxaran yeganə məşqçi kimi düşən Şaferin yetirmələri 1996/97 mövsümündə danimarkalılarla görüşmüşdü. UEFA kubokunun 1/8 finalındakı matçlar “Brondbü”nün ümumi qələbəsi ilə başa çatmışdı. Həmin il İntertoto kubokunun qalibi kimi Danimarka təmsilçisinin qarşısına çıxan Şaferin yetirmələri səfərdə acınacaqlı məğlubiyyət yaşamışdı. Almaniyadakı 3:1 hesablı qələbədən sonra almaniyalılar səfərdə 0:5 hesabı ilə darmadağın olmuşdu. Bu “Karlsrue”nin avrokuboklar tarixində ən ağır məğlubiyyət oldu.

“Bakı”nın “sükanı arxasına” keçən Şafer 14 il əvvəlki uğursuzluğun əvəzini yeni komandası ilə çıxmağa çalışacaq.