Henrik Kasperçak: “Qarabağ” klubunu tanımıram
16.07.2010 - 18:00
Henrik Kasperçak: “Qarabağ” klubunu tanımıram
“Mən nə deyə bilərəm ki? Həqiqətən də “Qarabağ” və “Portadaun”u tanımıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Visla” klubunun baş məşqçisi Henrik Kasperçak deyib.

64 yaşlı polşalı mütəxəssis avrokubokların III təsnifat mərhələsinin bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmasına münasibət bildirib.

Karyerası ərzində Tunis, Seneqal, Mali, Mərakeş və Kot d’İvuar yığmalarını, Fransada “Lill”, “Monpelye”, “Mets”, “Strasburq”, “Sent-Etyenn”, “Rasinq” klublarına rəhbərlik edən Kasperçak püşkdən razı qaldığını bildirib. Seneqalda işlədiyi vaxt “Bakı”nın qapıçısı Xalidu Sissokonu da yığmaya dəvət edən çalışdırıcı Bakıya “casus” göndərəcəklərini bildirib: “Cavab oyunlarından sonra mən daha məlumatlı olaram. İndi bildiyim bircə odur ki, rəqibi öyrənmək üçün lap əla fürsətdir. Bunun üçün sadəcə, bir iş görmək lazımdır: Azərbaycandakı cavab oyununa nümayəndəmizi göndərmək”.

Futbolçu kimi 1974 və 1978-ci illərdə keçirilən mundiallarda Polşa yığmasının şərəfini qorumuş Kasperçak II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində “Qarabağ”ı favorit sayır: “Məncə, bizim rəqibimiz “Qarabağ” olacaq. “Portadaun”la oyunlardan sonra mübarizəni onlar davam etdirəcək. Biz isə “Şaulyay”la cavab oyununda son nöqtəni qoymalıyıq”.

Qeyd edək ki, bu günkü püşkün nəticələrinə əsasən “Qarabağ” – “Portadaun” (Şimali İrlandiya) cütünün qalibi “Visla” (Polşa) – “Şaulyay” (Litva) duelinin güclüsü ilə üz-üzə gələcək.