“Gəncə” axtardığını Gürcüstanda tapdı
28.07.2010 - 13:30
“Gəncə” axtardığını Gürcüstanda tapdı
Hazırlığını Gürcüstanda davam etdirən “Gəncə” bu gün sayca üçüncü yoxlama oyununa çıxacaq. Apasport.az saytının xəbərinə görə, Fuad İsmayılovun başçılıq etdiyi komanda Kutaisi “Torpedo”su ilə gücünü sınayacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq. Əyalət təmsilçisi buna qədər 2 oyunda meydana çıxıb. “Kaxetti”yə minimal hesabla uduzan “Gəncə” “Zuqdidi”yə qalib gəlib.

Bu arada 3 illik fasilədən sonra Premyer Liqada yenidən çıxış edəcək “Gəncə” heyətini gücləndirməyə çalışır. Klubun prezidenti Elmir Əliyevin sözlərinə baxışda bir neçə legioner oyunçu var. Onlardan biri artıq baş məşqçinin etimadını doğruldub. Onunla müqavilə imzalanacaq: “3-4 oyunçu baxışdadır. Bir gürcü yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Əsasən gürcü klublarında çıxış edib. Adı Zurabdır. O, son mövsümü Özbəkistanda keçirib. Futbolçu ilə müqavilə imzalayacağıq. Ondan başqa, Ukrayna və Baltikyanı ölkələrdən düşərgəmizə gələnlər var. Hansı futbolçu ilə anlaşacağımızı “Torpedo” ilə görüşdən sonra qətiləşdirəcəyik”.

Qeyd edək ki, “Gəncə” Gürcüstandakı təlim-məşq toplanışını sabah başa vuracaq.