Ən ağır məğlubiyyət
20.08.2010 - 13:45
Ən ağır məğlubiyyət
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çalışdırıcılıq karyerasında ən böyük hesablı məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi kimi fəaliyyətinə 2006-cı ilin yayında başlayan 38 yaşlı mütəxəssisin komandaları heç vaxt 4 top fərqi ilə uduzmamışdı.

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Almaniyada “Borussiya”ya qarşı keçirilən qarşılaşmada isə dortmundlular Qurbanova bunu da yaşatdı – 0:4.

“Neftçi” və “Qarabağ”ın baş məşqçisi kimi, ümumilikdə 120 oyunda iş başında olan mütəxəssis çempionat, kubok və avrokuboklarda iki komanda ilə üst-üstə cəmi 20 dəfə uduzmuşdu. Adətən 1 və ya 2 top fərqi ilə məğlubiyyətlərə üzülən Qurbanov yalnız bir dəfə böyük hesaba məyus olmuşdu. Bu da ötən mövsümə təsadüf etmişdi. “Bakı” “Qarabağ”ı elə Ağdamda 4 qola qonaq etmişdi. Lakin “Borussiya”dan fərqli, bakılılar 1 qol da buraxmışdı. 121-ci oyundakı 21-ci məğlubiyyət isə daha ağır olub.