“Vestfalenştadion” futbol tariximizdə
20.08.2010 - 14:59
“Vestfalenştadion” futbol tariximizdə
Almaniyanın məşhur “Vestfalenştadion” arenası Azərbaycan futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Dortmundda yerləşən stadionda keçirilən “Borussiya” – “Qarabağ” qarşılaşması klublarımızın 16 illik avrokubok tarixində rekordla əlamətdar olub. Belə ki, bu görüşü rekorda sayda 47800 tamaşaçı izləyib.

Düzdür, 80 mindən artıq tamaşaçı tutan “Vestfalenştadion”da “Qarabağ”ın oyununu izləyənlərin sayı ilə bağlı fərqli rəqəmlər göstərilir. Bəziləri 70, bəziləri 60, bəziləri 50 mindən dəm vurur. Əslində, stadionun kassalarında satılan, həmçinin abunəçilərin ələ keçirdiyi biletlərin sayı da 50 mindən çox idi.

Lakin görünür, satılan biletlərin bəzilərinin sahibləri maraqsız, bir komandanın diktəsi ilə keçən matçı izləmək istəməyib. Yoxsa ki, klubun rəsmi internet saytı azarkeş sayının 47800 nəfər olduğunu açıqlamazdı. Dünyanın heç bir yerində azarkeşlərin barmaqla sayılmamağı və bu səbəbdən də dəqiq məlumatın olmadığı hamıya məlumdur. Ona görə də həqiqətə ən yaxın mənbə kimi klubun rəsmi saytını götürmək olar. Bununla belə, elə həmin 47800 də Azərbaycan üçün rekorddur.

Çünki indiyədək klublarımızın avrokuboklarda keçirdiyi 136 oyunda heç vaxt bu qədər böyük tamaşaçı auditoriyası qeydə alınmamışdı. 137-ci matç isə bu baxımdan fərqləndi. Buna qədər rekord “Bakı”nın öz meydanında İsveçrənin “Bazel” klubu ilə görüşündə qeydə alınmışdı. Həmin vaxt artıqlaması ilə dolan Tofiq Bəhramov adına Respublika stadionunda 35 min azarkeş var idi.

Qeyd edək ki, rəsmi adı “Siqnal İduna Park” olan “Vestfalenştadion”dakı görüşdə meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.