“Biz fəaliyyətini dayandırmamaq üçün “Bakı”ya kömək edirik”
20.08.2010 - 15:42
“Biz fəaliyyətini dayandırmamaq üçün “Bakı”ya kömək edirik”
“Hələlik komandada yeni idarəçilərin adları açıqlanmayıb. Buna klubun prezidenti Hafiz Məmmədov qərar verəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq baş meneceri Zeynal Məmmədov deyib.

Avropa Liqası çərçivəsində “Buduçnost”la Bakıdakı oyunda kamerunlu legioner Joel Epalleni cəzalı ola-ola meydana buraxdığı üçün UEFA tərəfindən texniki məğlubiyyətlə cəzalandırılan “Bakı”nın idarə heyəti və texniki işçiləri istefa ərizəsini prezidentə təqdim etmişdilər. Məsələyə baxan klub rəhbəri istefaları qəbul etməklə yanaşı, yaxın vaxtlarda klubun yeni idarə heyətini açıqlayacağını bildirib. Yeni heyətdə yer alanların adları açıqlanana qədər əvvəlki işçilərdən bəziləri öz vəzifələrinin icrasını davam etdirirlər: “Biz fəaliyyətini dayandırmasın deyə, “Bakı”ya kömək edirik. Yəqin ki, yeni struktur yaradılacaq”.

Komandanın cari mövsümdəki uğursuz çıxışı barədə danışan Məmmədov bunu ruh düşkünlüyü ilə əlaqələndirib: “Çempionatın əvvəlidir. Həm də avrokuboklardakı oyunlardan sonra ola bilsin, uşaqlarda ruh düşkünlüyü yaransın. “Qəbələ”ilə oyunda bu tendensiyaya son qoymaq istəyirik”.

Yeri gəlmişkən, oyunlara azarkeş marağını artırmaq məqsədi ilə “Bakı” rəhbərliyi ev oyunları zamanı uduşlu lotereya keçirməyi planlaşdırmışdı. Ancaq futbolsevərlər sentyabrdan bu sevinci yaşaya biləcəklər: “Qəbələ” ilə oyunda uduşlu lotereya olmayacaq. Fikrimiz var ki, yığmanın sentyabrdakı oyunundan sonra lotereya təşkil edək. Uduşa maşın, televizor, kompüter, müxtəlif markalı telefonlar və s. qoyulacaq”.

Transfer çalışmaları barədə də məlumat verən Məmmədov avqustun 31-dək yeni futbolçu ilə anlaşa biləcəklərini bildirib: “Ayın sonuna qədər vaxtımız var. Bu müddət ərzində yeni oyunçular transfer edə bilərik. Bu hücumçu da ola bilər, müdafiəçi də”.