Əfran İsmayılovun zədələnməsindən istifadə edən tapılmadı
20.08.2010 - 17:05
Əfran İsmayılovun zədələnməsindən istifadə edən tapılmadı
Avropa Liqasının 2010/11 mövsümünün ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutan 37 qarşılaşma bombardirlər cədvəlinin zirvəsinə təsir göstərməyib.

Hərəyə 5 qol vuran 8 ən sərrast futbolçu sırasında yer alan həmyerlimiz Əfran İsmayılov zədə üzündən meydana çıxmasa da, liderlər arasındakı mövqeyini itirməyib.

Əfranla yanaşı, Qarra Dembele (“Levski”, Bolqarıstan), Yura Movsesyan (“Randers”, Danimarka), Fabio Silva (“Rabotniçki”, Makedoniya), Tosseynt Rikkets, İlari Ayala (hər ikisi “MüPA-47”, Finlandiya), Vladimir Yurçenko (“Dnepr”, Belarus) və Vlado Zadro (“Zrinski”, Bosniya və Herseqovina) da hərəyə 5 qol vurmuşdu iki, onların heç biri bu göstəricini yaxşılaşdıra bilməyib. Liderlərə çatmaq, hətta keçmək imkanı olan digər futbolçulardan da heç biri İsmayılovun zədələnməyindən yararlanıb, zirvəyə sahib çıxmayıb.

Qeyd edək ki, Əfran meydanda keçirdiyi dəqiqələrin sayına görə bu oyunçular arasında 5-ci yerdədir.