“Əfran İsmayılovu layiqincə əvəzləyən futbolçularımız var”
27.08.2010 - 14:48
“Əfran İsmayılovu layiqincə əvəzləyən futbolçularımız var”
“Nəzərə alsaq ki, bu mövsüm avrokuboklarda rekordlara imza atmışıq, deməli, yaxşı nəticələr əldə etmişik. “Əla” deyə bilmərəm. Əgər qrup mərhələsinə vəsiqə qazansaydıq, bu başqa məsələ. Bu ilki nəticəmizi yaxşı qiymətləndirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun kapitanı Aslan Kərimov deyib.

Komandasının Almaniyanın və Avropanın nüfuzlu klublarından olan “Borussiya”ya uduzaraq mübarizəni dayandırmasına münasibət bildirən təcrübəli futbolçu bunu təcrübəsizliklə əlaqələndirib: “Bilirsiniz ki, 2 ildən çox idi doğma meydanda uduzmurduq. Bu uğurlu seriyanı davam etdirmək istəyirdik. Ancaq təəssüf ki, istəyimizə çata bilmədik. Rəqiblə başa-baş mübarizə apardıq. Deməzdim hansısa komponentlərdə bizdən üstün idilər. İstər texnikada, istərsə də, fərdi oyunda onlardan geri qalmırdıq. Ancaq heyətimizin əksər üzvləri gəncdirlər. Ustalıq səviyyələri elə də yüksək deyil. Müəyyən mənada təcrübələri çatmadı”.

İldən-ilə oyunlarında artım olduğunu bildirən Kərimov belə oyunların çox olmasını futbolçuların xeyrinə olduğunu düşünür. O futbolçularda müəyyən yorğunluq əlamətlərinin olduğunu da etiraf edib: “Qarabağ”ın adına layiq oyun nümayiş etdirmək istəyirdik. Futbolçularda yorğunluq hiss olunurdu. Belə oyunlar nə qədər çox olsalar, futbolçuların təcrübələri bir o qədər artar, orqanizmləri möhkəmlənir. Şəxsən mən ötən illə müqayisədə oyunumuzun daha da təkmilləşdiyini düşünürəm. Əlbəttə bu daha da təkmilləşəcək”.

Təcrübəli futbolçu Əfran İsmayılovun “Borussiya” ilə oyunda komandasına kömək edə bilməməsinə də münasibət bildirərək onun yoxluğunda alternativ variantlardan istifadə edə bilmədiklərini bildirib: “Düşünmürəm ki, Əfranın yoxluğunu çox hiss etdik. Onu layiqincə əvəzləyən futbolçularımız var. Ancaq etiraf edək ki, Əfran oyun ərzində müxtəlif variantlar edə bilən futbolçudur. Həm müdafiəyə kömək edir, həm də irəli xətdə hücuma dəstək olur. Yəqin ki, Əfran oynasaydı, oyun ərzində daha çox müxtəlif variantlardan istifadə edərdi”.