Ramal Hüseynov: İstəməzdim ki, “lipa” olum
28.08.2010 - 23:00
Ramal Hüseynov: İstəməzdim ki, “lipa” olum
Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda “Gəncə”də forma geyinən Ramal Hüseynovun apasport.az saytına müsahibəsi

- Gəncədə işləriniz necə gedir?
- Şükürlər olsun, hər şey qaydasındadır. Başımızı salıb, futbolumuzu oynayırıq. Ciddi hazırlaşıb, yaxşı nəticələr qazanmağa çalışırıq.

- Şəhərdə böyümüsünüz. Əyalətdə yaşamaq çətin deyil?
- Mənim üçün çətin deyil. Çünki rayon komandalarında çox oynamışam. Karyeramın bir hissəsini Tovuzda keçirmişəm. Belə götürəndə, Gəncə də şəhərdir. Düzdür, Bakı kimi böyük deyil. Bura futbol oynamağa gəlmişik. Buna görə də heç bir problem yoxdur.

- Ailəniz də Gəncədə yaşayır?
- Ailəm də burdadır. Gəlib-gedirlər. Onlar yanımda olduqdan sonra niyə darıxıram ki?

- Gəncə ilə Bakı arasında oxşarlıq varmı?
- Bakıda gəzməli, boş vaxtlarını səmərəli keçirmək üçün yerlər çoxdur. Ancaq bura da darıxdırıcı deyil. Hacıkənd yaxınlıqda olduğuna görə, boş vaxtlarımızı orada keçirir, dincəlirik.

- Deyəsən, gəzməyi xoşlayırsınız?
- İstirahət etmək, dincəlmək məqsədi ilə harasa getməyi xoşlayıram.

- Azərbaycanın hər bölgəsini gəzmisiniz?
- Demək olar, hə.

- Ən çox bəyəndiyiniz bölgə hansıdır?
- Sözün düzü, Tovuzda çox olmuşam. Bu bölgə məndə xoş təəssüratlar formalaşdırıb. İndi Gəncəyə uyğunlaşmağa çalışıram.

- Futbolçular tez-tez çayxanalara yığışıb, qeybət edirlər. Siz necə, çayxanalara tez-tez gedirsinz?
- Sözün düzü, bu cür yerlərə getmirəm. Çünki söz-söhbət çox olur. Ona görə də, çayxanalardan uzaq qaçıram.

- Doğurdanmı, sizin 26 yaşınız var?
- Buna şübhə ilə yanaşırsınız?

- Son vaxtlar “lipa”larla bağlı danışanda sizin adınızı da hallandırırlar. Bəlkə, yaşınızı süni şəkildə azaltmısınız?
- Ramal “lipa” olsa, bunu gizlətməz. Neçə ildir futboldayam. Düzgün danışdığımı hamı bilir.

- Ümumiyyətlə, “lipa”laşdırmaya münasibətiniz necədir?
- Əgər idmançıdan idmançı olacaqsa, etmək olar. Azərbaycanın bayrağını yüksəltmək üçün bu addımı atmaq mümkündür. Başqa məqsədlərlə “lipa”laşdırmaya yol vermək olmaz.

- Sizə təklif olunsaydı razılaşardınızmı?
- Xeyr, mən “lipa” olmaq istəməzdim. Səbəbinə gəldikdə, aşağı yaşlı yığmaların demək olar, hamısında çıxış etmişəm. Əgər U-17, U-19 və U-21-də oynayırdımsa, niyə “lipa”laşdırmaya əl atmalıyam?

- Diqqət mərkəzində olmağı xoşlayırsınız?
- Yaxşı mənada, hə.

- Yaxşı deyəndə, nəyi nəzərdə tutursunuz?
- Haqqında yaxşılığa danışanda diqqət mərkəzində olmağı xoşlayıram. Düzdür, reklamın yaxşısı və ya pisi olmur. Amma yaxşılığa danışanda adama xoş gəlir.

- Cavanlıq səhviniz çoxmu olub?
- Bəli, çox olub.

- Eləsi varmı, indi də peşmançılığını çəkirsiniz?
- Bəli, var. Amma açıqlaya bilmərəm.

- Bəs bu səhvlərdən necə, nəticə çıxarmısınız?
- 10 il əvvəlki vaxtla müqayisədə, indi müəyyən nəticələr çıxarıram.

- Hansı səhvləri etmək istəməzdiniz?
- Etdiyim səhvləri eləməzdim.

- Avtomobil həvəskarı olduğunuzu bilirik. Hazırda hansı markaya üstünlük verirsiniz?
- “Opel” sürürəm. Amma bəyəndiyim marka BMW-dir.

- Nə əcəb BMW sürmürsünüz?
- Yollara görə. Gedib-gəldikcə, yollarda xarab olmasın deyə.

- Deməli maddi imkansızlıqla bağlı deyil...
- Yox, şükür allaha BMW almağa pulum var. Sadəcə, dediyim səbəbdən bunu etmirəm.

- Bəs sürətlə aranız necədir?
- Əla. Sürətli sürməyi xoşlayıram. Buna görə də maşının mühərrikinin daha güclü olmasını istəyirəm.

- Qəza törətməkdən çəkinmirsiniz?
- Artıq yox. Çünki bu halla üzləşmişəm. Demək olar, öyrəncəliyəm.

- Yol polisləri maşınınızı tez-tez saxlayır.
- Yox, saxlayanda da aralarında hörmət edənlər də olur.

- Onlarla mübahisəniz olubmu?
- Olub. Sürət həddini aşdığıma görə saxlayıb, sürücülük vəsiqəmi yazıblar.

- Xeyriyyəçiliklə məşğul olursunuz?
- Əlbəttə.

- Ramazan ayında kimi sevindirmisiniz?
- Hər il Ramazan bayramında Nəsimi rayonundakı 1 nömrəli uşaq evinə baş çəkirəm.

- Nə hədiyyə aparırsan?
- Özlərindən nəyə ehtiyaclarının olduğunu öyrənirəm. Böyük uşaqlara adətən, paltar alıb aparıram.

- Özünüz hansı hədiyyəni qəbul etmək istədiniz?
- Hədiyyənin balacası, böyüyü olmur. Nə alsalar, qəbul edərəm.

- Ötən il Türkiyədə oynadınız. Yenidən ora qayıtmaq şansınız varmı?
- Şans var idi. Ancaq ailəmə görə, Azərbaycanda qalmağı üstün tutdum.

- Subaylıq sultanlıqdır deyirlər. Razısınızmı bu fikirlə?
- Xeyr. Ailəli olmaq daha yaxşıdır.

- Ailəcanlı insansınız?
- Bəli. Ailəmi çox sevirəm. Çalışıram onların ehtiyaclarını vaxtında qarşılayım, üzərimə düşəni yerinə yetirim.

- Neçə övladınız var?
- İki qızım və bir oğlum var.

- Yəqin oğlunuzu daha çox istəyirsiniz?
- Əksinə, qızlarımı oğlumdan daha çox istəyirəm. Düzdür, bizdə oğlan övladını çox istəyirlər. Amma mənim üçün qızların birinci gəlir.

- Qardaşınız da futbolçudur. Amma o, sizin qədər tanına bilmədi. Bu nə ilə bağlıdır?
- Futbolda şans mühüm rol oynayır. Ola bilsin, şansı gətirmədi.

- Bəlkə sizin qədər istedadlı deyil?
- Bu da mümkündür. Ancaq mən daha çox şanssızlıqla bağlayıram.

- Ən böyük arzunuz nədir?
- Ailəmlə xoşbəxt ömür sürmək ən böyük arzumdur.