Berti Foqts: Azərbaycan yığması sensasiya etmək iqtidarında deyil
30.08.2010 - 11:53
Berti Foqts: Azərbaycan yığması sensasiya etmək iqtidarında deyil
“Biz Almaniya yığmasını qıcıqlandıra bilmərik. Buna komandam üçün almanlardan pulsuz dərs almaq kimi baxıram. Qarşıdakı görüş Bundestimin dünya çempionatından sonra ilk ev oyunudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

64 yaşlı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin Almaniya ilə sentyabrın 7-də keçiriləcək oyunu ərəfəsində yığmada problemlərin olduğundan narazıdır: “Bizim yığmanın problemlərindən biri futbolçularımızın əksəriyyətinin oruc tutmağıdır. Üstəlik, komandamız gənclərdən təşkil olunduğundan lazımi təcrübə və fiziki hazırlıq da çatışmır”.

Almaniyalı mütəxəssis həmyerlilərinə verdiyi açıqlamada klublarımızdakı hazırlıq prosesindən də gileylənib: “Klubdakı bərpa prosesinin hovuzda necə keçdiyini öz gözümlə gördüm. Bu məndə təəssüf doğurur. Başa düşdüm ki, bu iş düzgün aparılmır”.

Foqtsun sözlərinə görə, nə Azərbaycan yığması, nə də Almaniya ilə sentyabrın 3-də görüşəcək Belçika millisi sensasiya etmək iqtidarında deyil: “Düşünürəm ki, Almaniya yığması Avro-2012-nin seçmə mərhələsinə uğurla başlayacaq. Bundestim Brüsseldə Belçika yığması ilə görüşdə də hər hansı problemlə üzləşməyəcək”.

Qeyd edək ki, sentyabrın 7-də baş tutacaq Almaniya – Azərbaycan oyunu Köln şəhərində keçiriləcək.