Mirça Rednik: Mən gətirdiyim futbolçulardan razıyam
30.08.2010 - 12:23
Mirça Rednik: Mən gətirdiyim futbolçulardan razıyam
Unibank Premyer Liqasının IV turunda Bakıda AZAL üzərində qazanılan 1:0 hesablı qələbədən sonra “Xəzər Lənkəran” klubunun rumıniyalı baş məşqçisi Mirça Rednik apasport.az saytının suallarını cavablandırıb.

- Əvvəlcə matçla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Çətin oyun oldu. AZAL yaxşı komandadır. Bəlkə də, qarşılaşma 0:0 hesabı ilə bitməli idi. Amma bu futboldur, bir şansın olsa, ondan istifadə etməlisən. Nazim Süleymanovu AZAL-da gördüyü işlərə görə, təbrik edirəm. Azarkeşlərimizə də bizi sonadək dəstəklədiklərinə görə, təşəkkürümü bildirirəm. Yığmanın oyunları ilə əlaqədar yaranacaq fasilədən əvvəl 3 xal vacib idi. Bəzi futbolçular var ki, onları rəsmi görüşlərdə sınamamışdım. Məsələn, Kristal Kabral. Hücum xəttində problemimiz var. Parks hələ yeni gəlib və komandaya uyğunlaşmayıb. Həm də bir oyunu təbii otda, digərini isə süni örtüklü meydanda oynamaq olduqca çətindir.

- Arxada qalan 4 turla bağlı nə deyə bilərsiniz?
- Təbii ki, qazanılan xallara görə şadam. İndiyə qədər keçirdiyimiz 4 rəsmi görüşün üçündə qələbə qazanıb, birində heç-heçə etmişik. Ancaq oyun planında razı deyiləm. Hələ işləməliyik. Vaxta ehtiyacımız var. Bu məqamda 3 qələbə qazanıb, bir heç-heçə etməyimiz məni sevindirir. Amma komandam hələ yaxşı oynamır.

- Bunun üçün nə qədər zamana ehtiyacınız var?
- Futbolçuların tam formalarını yığması və istədiyim kimi oynamaları üçün hələ 3 ay vaxt lazımdır. Amma hazırda bizə lazım olan 3 xaldır ki, onu da qazanırıq. Belə götürdükdə, Adrian Yordaşe, Uinston Parks cəmi 10 gündür Azərbaycana gəliblər. Onların adaptasiya olması üçün yenə vaxt lazımdır.

- İstədiyiniz futbolçuları transfer edə bilmisinizmi?
- Bəli. Həm də gətirdiyim futbolçulardan razıyam. Sadəcə, onlar hələlik öz bacarıqlarını tam şəkildə ortaya qoya bilməyiblər. Məsələn, Dieqo Ruiz. Öz oyununun cəmi 70 faizini oynayır. Bu sözlər Yordaşeyə də aiddir. Oyunun ritminə də düşmək vacibdir. Təbii ki, bütün bunlar zamanla yoluna qoyulacaq.

- AZAL-la oyunda futbolçularınız topu arxaya ötürərkən, onlara hirslənirdiniz. Deyəsən, sırf hücum futboluna üstünlük verirsiniz?
- Əlbəttə, hücum futbolu istəyirəm. Futbolçuların gücünə də bələdəm. Onlar bu tapşırığın öhdəsindən gəlmək gücündədirlər. Bəzi futbolçular var ki, hələ onların nəyə qadir olduqlarını bilmirəm. Onları yoldaşlıq oyunlarında sınamaq əvəzinə, rəsmi görüşlərdə izləmək məcburiyyətindəyəm. Həm də Lalinlə Ruiz arasındakı anlaşma da istənilən səviyyədə deyil.

- Mükafatlar uğrunda mübarizə aparan digər rəqiblərinizin oyununu yəqin izləmisiniz. Sizcə, onlar arasında ən güclüsü hansı komandadır?
- “Neftçi”nin “İnter”lə keçirdiyi görüşü izlədim. “Neftçi”nin oyunundan razı qaldım. Çox yaxşı oyun nümayiş etdirdilər. Eyni zamanda, “İnter” və “Qarabağ”ın da yaxşı çıxış etdiyini deyə bilərəm. “Bakı” mövsümə uğursuz başlasa da, heyət baxımından güclü komandadır. Bu 5 komanda mükafatlar uğrunda mübarizə aparacaq.

- “Xəzər Lənkəran” əvəzedici komandanın yetirmələrinə az şans verir. Siz necə, bu uğursuz ənənəyə son qoymağı düşünürsünüzmü?
- Hələlik biz nəticə qazanmaq üçün oynayırıq. Buna görə də onlara şans vermək imkanım yoxdur. Ancaq ikinci komandadan dəvət etdiyim 3 futbolçu var. Zamanı gəldikcə, həmin futbolçulara da oynamaq imkanı yaradacağıq.

- Oktyabrda “Şaxtyor”a qarşılaşacağınız dəqiqləşibmi?
- Mirça Luçesku ilə danışımışam. Bu sahədə işlər davam edir. “Şaxtyor”un ya Rumıniyadan hansısa bir komandanın Lənkərana gəlməsi gündəmdədir. Amma bunun üçün gərək ev oyunlarımızı keçirdiyimiz Lənkəran şəhər stadionunun ot örtüyü yaxşı vəziyyətə gətirilsin.