Milli komandamız 87 yaşlı “qoca”nı tapdalayacaq - FOTO
01.09.2010 - 13:32
Milli komandamız 87 yaşlı “qoca”nı tapdalayacaq - FOTO
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsindəki ilk oyununu Almaniyanın Köln şəhərində keçiriləcək. Apasport.az saytının məlumatına görə, matçın baş tutacağı “Reynenerji ştadion” arenası zəngin tarixə malikdir.

1923-cü ildə inşa olunan arena Almaniya miqyaslı turnirlərdə 50 997 tamaşaçı qəbul edir. Lakin ayaq üstü izləyicilərin qadağan olunduğu beynəlxalq matçlarda bu rəqəm 46134-ə qədər azalır. Lakin bu stadionun tutumu, adı, elə özü heç də həmişə indiki kimi olmayıb.

Yığmamızın ot örtüyünü tapdalayacağı 87 yaşlı “qoca” inşa olunmasına görə I Dünya müharibəsindən sonra imzalanan Versal sülh müqaviləsinə borcludur. Məhz həmin, 1919-cu ildə əldə olunan anlaşmaya uyğun olaraq, Köln şəhərinin istehkamları ləğv olunub, yeni infrastrukturlar tikilməli idi. Elə buna əməl edən almaniyalılar həm “Münqersdorferştadion”, həm də “Kölnerştadion” adlanan idman qurğusunu inşa ediblər.

Bu arenada ilk beynəlxalq oyun 83 il əvvəl keçirilib. Almaniya və Hollandiya yığmalarının görüşündə qalib müəyyənləşməyib – 2:2. Ümumilikdə, Bundestim bu stadionda 19 oyuna çıxaraq, yalnız 1 dəfə oranı məğlub tərk edib.

II Dünya müharibəsinə kimi “Münqersdorferştadion” daha çox atletika yarışları ilə diqqəti cəlb edirdi. Həvəskarların yarışlarını təşkil edən çempionat 1929-cu ildə 38 min idmançını bir araya gətirmişdi. Lakin yəhudilərin yarışa buraxılmadığı 1933-cü ildən başlayaraq, nüfuzunu itirən turnir müharibədən sonra ümumiyyətlə keçirilmədi.

Arenanın rekordu da müharibə ilə bağlıdır. II Dünya müharibəsindən sonra Kölndə keçirilən ilk futbol oyununda “Nürnberq”lə “Kayzerslautern” qarşılaşırdılar. Futbola “ac” olan 75000 kölnlü matçı izləmək üçün arenaya toplaşmışdı.

“Münqersdorferştadion” 87 illik tarixində iki dəfə yenidənqurma işlərinə məruz qalıb. Hər iki halda da bu dünya çempionatının finalı ilə bağlı olub. 1972-75-ci illərdə görülən işlər DÇ-74 arzuları ilə bağlı idi. Lakin tamaşaçı tutumunu 80000-ə qaldırmaq istəyən kölnlülər maliyyə problemləri üzündən vaxtında işləri yekunlaşdıra bilmədi. Sonda 61000 azarkeşlik stadion düzəldən almaniyalılar yalnız mundialdan 1 il sonra arenanı hazır vəziyyətə çıxardı.

2002-03-cü illərdəki yenidənqurma işləri isə DÇ-2006 ilə bağlı idi. Bu dəfə kölnlülər arzularına çatdılar. Qaçış çığırlarını ləğv edib, arenanın təmiz futbol meydanına çevirən almaniyalılar tamaşaçı tutumunu da indiki həddə qədər azaltdı. 2005-ci ildə Konfederasiyalar Kubokunun 3, 1 il sonra mundialın 4 qarşılaşması burada keçirildi. Mundiala bağlı yerli energetika şirkəti “Reyn enerji” ilə müqavilə imzalayan stadion rəhbərliyi anlaşma dövrü ərzində indiki adı daşımaqla razılaşdı.

Qeyd edək ki, “Reynenerji ştadion” stadionunun meydanının uzunluğu 105, eni 68 metrdir.
0