Əfran İsmayılov Lionel Messini qabaqladı
01.09.2010 - 15:21
Əfran İsmayılov Lionel Messini qabaqladı
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) cari ilin ən məhsuldar oyunçularının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda bombardirimiz olan “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov 47 nəfərlik siyahıya düşüb.

Azərbaycan yığmasının da üzvü olan 22 yaşlı futbolçu 6 qolla 35-ci sırada yer alıb. İFFHS beynəlxalq miqyasda həm yığmada, həm də klubda vurulan qolları nəzərə alır. Bu il yığmada 1 qol vuran İsmayılov qalan 5 topa Avroliqada imza atıb. Onun arxada qoyduğu futbolçular arasında ötən il həm dünyanın, həm də Avropanın ən yaxşısı seçilən “Barselona”nın argentinalı ulduzu Lionel Messi də var.

Düzdür, 41-ci olan Messi də İsmayılov kimi 6 qol vurub. Sadəcə, Əfran ondan fərqli yığmada qol vurduğundan qabaqdadır. Əslində, Əfran İFFHS-nin hələ ötən aydakı siyahısına düşməli olsa da, qurumun yol verdiyi texniki səhv buna imkan vermədi.

Qeyd edək ki, siyahıya son dünya çempionatının ən yaxşı futbolçusu seçilən uruqvaylı hücumçu Dieqo Forlan (“Atletiko”, 13 qol) başçılıq edir.
0