Loran Blan: Uduzmağı bacarmaq lazımdır
04.09.2010 - 11:56
Loran Blan: Uduzmağı bacarmaq lazımdır
“Qalib gəlməli olduğumuz oyunlardan müsbət nəsə götürmək çətindir. Komandam xoşuma gəlsə də, bu, xallar qazanmalı olduğunu təxirə salmır. Belarus yığması ilə görüşdə bunu etmək mümkün olmadı və məğlubiyyəti qəbul etməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Fransa yığmasının baş məşqçisi Loran Blan Avro-2012-nin seçmə mərhələsində evdə Belarus yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Avropada ötən gecənin əsas sensasiyası məhz bu yığmaların Parisdəki görüşündə qeydə alınıb. Bununla da futbolçu kimi yığmada dünya və Avropa çempionu olan Blanın baş məşqçi postunda rəsmi debütü uğursuz alınıb: “Biz evdə üç xal götürmək istəyirdik, ancaq alınmadı. Buraxdığımız qolda komanda yöndəmsiz və sadəlövh oynadı. Uduzmağı bacarmaq lazımdır. Növbəti rəqibimiz olan Bosniya və Herseqovina yığması ilə oyun bizim üçün çox vacib olacaq. Bu rəqibin Avropa çempionatına vəsiqə uğrunda sona kimi mübarizə aparacağına şübhə etmirəm. Ona görə də meydandan xalla ayrılmaq çox vacibdir”.