Elvin Məmmədov: Kiməsə, nəyisə sübut etmək niyyətində deyiləm
04.09.2010 - 22:17
Elvin Məmmədov: Kiməsə, nəyisə sübut etmək niyyətində deyiləm
“Oyun bizim üçün yaxşı keçdi. Səhv etmirəmsə, 9 ildir ki, U-21 qələbə qazana bilmirdi. Bu uğursuz seriyaya son qoyduq. Bütün uşaqları təbrik edirəm Komandadan qələbə ilə ayrılırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Elvin Məmmədov deyib.

Son vaxtlar əsas yığmaya cəlb edilən, amma “Qarabağ”da ehtiyatda qaldığı üçün baş məşqçi Berti Foqts tərəfindən U-21-ə göndərilən 22 yaşlı yarımmüdafiəçi Albaniya ilə bugünkü görüşdə buraxılan qolların arxayınçılıqla bağlı olmadığını bildirib: “Bu, futboldur, istənilən an nəticə dəyişə bilər. Biz 3 top fərqi ilə irəlidə olsaq da, arxayınlaşmamışdıq. U-21-də oynayan Vurğun Hüseynov, Rahid Əmirquliyev bu gün komandada olsaydılar, daha yaxşı oynaya bilərdik. Düzdür, sona yaxın çətinlik oldu. Ən əsası qələbə qazandıq”.

Rəqib barədə danışan Məmmədov Albaniya yığmasını zəif hesab etmədiyini qeyd edib: “Azərbaycan üçün zəif rəqib yoxdur. Biz özümüz zəif rəqibik. Reallığı qəbul etmək lazımdır”.

Oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da izləyirdi. Ancaq yarımmüdafiəçi göstərdiyi oyunla baş məşqçiyə mesaj göndərmədiyini, üzərində bir qədər çalışmalı olduğunu deyib: “Kiməsə, nəyisə sübut etmək niyyətində deyiləm. Ola bilsin, yaxşı çıxış etmədiyimə, fiziki cəhətdən hazır olmadığıma görə, baş məşqçi mənə əsas heyətdə şans vermir. Nə vaxt meydana buraxıbsa, etimadı doğrultmağa çalışmışam”.

Fiziki cəhətdən hazır olmadığını etiraf edən 21 yaşlı futbolçu üzərində çalışacağını da bildirib: “Əlbəttə, üzərimdə çalışıram. Bu bir günün və ya bir həftənin işində düzələsi məsələ deyil. Zamana ehtiyacımız var”.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son ev oyununda Albaniyanı 3:2 hesabı ilə məğlub edib.