“Belarusu da məğlub etməyimizi istəyirəm”
04.09.2010 - 22:23
“Belarusu da məğlub etməyimizi istəyirəm”
“Yaxşı oynadıq. İmkanlardan düzgün istifadə edə bilsəydik, hesab daha böyük ola bilərdi. Ən əsası 9 illik uğursuz seriyaya son qoyduq”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Nodar Məmmədov deyib.

Albaniyalı həmyaşıdları ilə matçda 90 dəqiqə meydanda olan müdafiəçi komandanın 3:2 hesabı ilə qələbə qazanmasında da mühüm pay sahibi olub. Ancaq onun yer aldığı müdafiə xətti bu qarşılaşmada da müəyyən səhvlərlə yadda qalıb. Xüsusilə də rəqibin vurduğu ikinci qolunda mövqe səhvinə yol verən Məmmədov bunu belə izah edib: “Standart vəziyyət yerinə yetirilən zaman yanımdakı müdafiəçiyə nəzarət edirdim. Top vurulan zaman arxadan daha bir futbolçu irəli şığıdı. Taqim özünü yetirsə də, artıq gec idi”.

Üç gün sonra belaruslu həmyaşıdları ilə qarşılaşacaq U-21-in müdafiəçisi uğurlu seriyanı davam etdirmək haqqında düşündüklərini bildirib. Belə ki, Şotlandiya və Albaniya oyunlarından 4 xal qazanan millimiz Belarus səfərindən də vətənə xalla dönmək niyyətindədir: “Əlbəttə, seriyanı davam etdirmək istəyirik. Həm də Belarusla oyun qrupdakı sonuncu matçımızdı. U-21-i qələbə ilə tərk etmək istəyirəm”.