Azərbaycan yığması üçün yeni mərhələ: Foqts yola həmyerliləri ilə çıxır
06.09.2010 - 14:14
Azərbaycan yığması üçün yeni mərhələ: Foqts yola həmyerliləri ilə çıxır
Sabah Azərbaycan milli komandası üçün əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız növbəti seçmə mərhələyə start verəcək.

Artıq ikinci mərhələdir çalışan Foqts millimizin sükanı arxasında növbəti mübarizəyə vətənində, həmyerliləri ilə görüşlə başlayacaq. Təbii ki, Almaniya yığmasının gücü haqda ətraflı danışmaq artıq olardı. Həm dünya, həm də Avropa çempionluğunu qazanan bundestim son mundialda parlaq çıxışı ilə diqqəti cəlb etdi. 1/8 finalda İngiltərə (4:1), 1/4 finalda Argentina (4:0) üzərində böyük hesablı qələbələr Yoahim Lövün baş məşqçisi olduğu yığmanın hətta kapitan Mihael Ballaksız çox güclü olduğunu göstərdi. Yeri gəlmişkən, Ballak zədə üzündən buraxdığı mundialdan sonra da yığmadan kənarda qalır. Məhz Mihael ötən seçmə mərhələdə Almaniya ilə səfər oyunumuzda (4:0) penalti zərbəsindən vurduğu darmadağının əsasını qoymuşdu. Yığmamıza digər qol vuran alman futbolçular - Miroslav Kloze, Lukas Podolski, Bastian Şvaynştayger indi də buntestimin düşərgəsindədir. Ballakın yoxluğunda isə kapitan sarğısını müdafiəçi Filip Lam daşıyacaq.

Yığmamızın istirahət etdiyi ilk turda almanlar Belçikadan çətinliklə də olsa, qələbə qazandılar. Qələbə topunun müəllifi olan Kloze yığmamızla oyunda qol seriyasını davam etdirmək, yığmasının bombardiri Hert Mülleri gələcəkdə qabaqlamaq əzmindədir.

Sözsüz ki, hər bir yığma seçmə mərhələyə uğurla başlamaq istəyir. Ancaq reallıq Almaniyadan nəticə ilə dönməyimizin çox çətin olduğundan xəbər verir. Düzdür, futbolda sensasiyalar az olmur və ilk turda Belarusun səfərdə dünya və Avropa çempionu olan Fransa yığmasına qalib gəlməsi (1:0) bunu göstərdi. Bu möcüzənin Almaniyada baş verməsini nə qədər çox arzulasaq da, inandırıcı görünmür. Yığmamızın Bundestimlə səfərdə heç-heçə etməsi belə Avropada günün ən böyük sensasiyası sayılacaq.

Foqtsun həmyerliləri ilə oyunda əsas problemi müdafiənin mərkəzi ilə bağlıdır. Belə ki, Vladimir Levinlə Ruslan Abışovun zədəli olduqları üçün meydana çıxmaq şansları çox azdır. Belə olan halda kapitan Rəşad Sadıqovun yanında Saşa Yunisoğlu, yaxud Samir Abbasov oynaya bilər. Birincinin ötən il Almaniyada olduğu kimi, əsas heyətdə oynamaq şansı çoxdur. Çünki Foqts Yunisoğlunun cari mövsümdə “Qəbələ”də oyunundan razı olduğunu bildirib. Abbasov isə xeyli vaxtdır həm klubunda, həm də yığmada dayaq yarımmüdafiəçisi oynayır. Samir məcburiyyətdən əvvəl oynadığı mərkəz müdafiəçisi mövqeyində yer ala bilər ki, bu, Kölndəki oyunda reallaşarsa, onu orta sahədə əvəzləmək lazım gələcək. Foqtsun sərəncamında Aleksandr Çertoqanov, Rəşad Sadiqov kimi mövqedə oynayan futbolçular var.

23:45. ALMANİYA – AZƏRBAYCAN
Baş hakim: Markus Strömberqsson (İsveç)
Hakim köməkçiləri: Stefan Vittberq, Fredrik Nilson, Daniel Stalhammer (hamısı İsveç)
Hakim-inspektor: Stefan Ormancev (Bolqarıstan)
UEFA nümayəndəsi: David Georgi Kollins (Uels)
Köln. “Raynenerqiştadium” stadionu

Mehman SÜLEYMANOV
0