“Baş məşqçi psixoloji hazırlığıma toxundu, çünki 1:6 hesabı ilə uduzmuşduq”
12.09.2010 - 23:06
“Baş məşqçi psixoloji hazırlığıma toxundu, çünki 1:6 hesabı ilə uduzmuşduq”
Azərbaycan milli komandasının və Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Yığmanın Almaniya ilə keçirdiyi oyundan sonra “Əskişəhərspor”un düşərgəsinə yollansanız da, “Bursaspor”la oyunda adınız matçın protokoluna salınmamışdı. Bunun səbəbi nə idi?
- Komandanın oyun öncəsi hazırlığına qatılsam da, oynamadım. Baş məşqçi matçdan əvvəl mənimlə söhbət etdi. O, Almaniya yığmasına qarşı 90 dəqiqə oynadığımı, eyni zamanda matçın səfərdə keçiriləcəyini bildirdi. Həm də komanda yoldaşlarımla qısa vaxtda bir yerdə olduğumuzdan, bir-birimizi tanımırdıq. Buna görə də mənə 2 gün istirahət verdi. Qarşıdakı oyunlara hazır olmağımı istədi. Yəni, psixoloji hazırlığımın da yerində olmadığına toxundu. Çünki Almaniya millisinə 1:6 hesabı ilə yenilmişdik. Ancaq qarşıdakı oyunlarda meydana çıxa biləcəyimi qeyd etdi.

- Türkiyəyə nə vaxt qayıdacaqsınız?
- Bazar ertəsi.

- “Əskişəhərspor”un şəraiti ilə tanış olmusunuzmu?
- Şərait əladır. Klubun öz bazası, stadionu var.

- Heyətlə bağlı nə deyə bilərsiniz?
- Yaxşı futbolçular var. Düzdür, komanda hələ istədiyi nəticələri qazana bilmir. İnşallah, bu uğursuzluğa son qoyacağıq.

- Futbolçular arasında rəqabət varmı?
- İlk gündən məşqlərdə də hiss etdim ki, rəqabət güclüdür. Yəni, hər oyunda əsas heyətdə oynamaya bilərsən.

- “İnter” – “Qarabağ” oyununu izlədiniz. Sabiq komandanız məğlub oldu. Rəşadsız “Qarabağ” necə təsir bağışladı?
- Normal təsir bağışladı. “Qarabağ” oyuna yaxşı başlamışdı. Ancaq müdafiədəki səhv qolla nəticələndi. Bir sözlə, əsl Azərbaycan çempionatına xas olan oyunlardan birini izlədik.

- Ağdam təmsilçisinin Avropa Liqasındakı oyunlarından əsər əlamət yoxdur...
- Uşaqlarda yorğunluq var. Əsas heyətdə meydana çıxan oyunçulardan 5-6-sı - Ansi Aqolli, Andrey Rubin, Rəşad Sadiqov, Vüqar Nadirov, Samir Abasov, Maksim Medvedev 90 dəqiqə yığmanın heyətində də oyun keçiriblər. Hətta Rubinlə Aqolli 2 matçda meydana çıxıblar. Düzdür, “İnter”in heyətində də müxtəlif ölkələrin yığma komandasında çıxış edən futbolçular var. Ancaq bu “Qarabağ”da daha çox hiss olunur.