Toni Adams: “İnter”in nəyə qadir olduğunu bilirəm
17.09.2010 - 10:16
Toni Adams: “İnter”in nəyə qadir olduğunu bilirəm
“Hər oyuna olduğu kimi, “İnter”lə görüşə də normal qaydada hazırlaşırıq. Xüsusi məşq keçməyə ehtiyac duymuram. Oyun öncəsi heyətimizdə ciddi problem yoxdur. Kiçik zədələrinə nəzərə almasaq, hər şeyin qaydasında olduğunu deyə bilərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

Həftəsonu keçiriləcək Unibank Premyer Liqasının VI turunda doğma meydanda Bakının “İnter” klubunu qəbul edəcək “Qəbələ” oyunun hazırlığını davam etdirir. Ötən tur səfərdə “Turan”ı məğlub etməklə ilk qələbəsini qazanan Adamsın komandası uğurlu seriyanı davam etdirmək niyyətindədir. İngiltərəli mütəxəssis son ölkə çempionu ilə oyunun çətin keçəcəyini düşünür: “İnter” son Azərbaycan çempionudur. Bu da onların güclü komanda olmasından xəbər verir. Azarkeşlər çətin və maraqlı qarşılaşmanın şahidi olacaqlar”.

40 yaşlı çalışdırıcı köməkçilərinin “İnter”in zəif və güclü cəhətlərini araşdırdıqlarını vurğulayıb. O, həmçinin “bankirlər”in nəyə qadir olduqlarını yaxşı bildiyini sözlərinə əlavə edib: “Hazırda məşqçilərimiz “İnter”in oyunlarını izləyərək zəif və güclü tərəflərini müəyyən etməyə çalışırlar. Mən də ötən il və bu mövsüm “İnter”in bir neçə oyununu izləmişəm. “İnter”in nəyə qadir olduğunu bilirəm”.
0