Maksim Medvedev: AZAL-la oyuna güc yığmışıq
17.09.2010 - 11:18
Maksim Medvedev: AZAL-la oyuna güc yığmışıq
“AZAL-la oyuna yaxşı hazırlaşırıq. “İnter”lə ötən tur keçirdiyimiz oyunda kobud səhvlərə yol verdik. Həm də həmin qarşılaşmaya yaxşı hazırlaşa bilməmişdik. Çünki əksər futbolçular yığmanın düşərgəsində olduğundan, kollektiv şəkildə məşqləri oyuna az vaxt qalmış reallaşdıra bildik. “İnter”lə oyundan əvvəl problemlər var idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

Sentyabrın 19-da liderlər qrupunda yer alan AZAL-la qarşılaşacaq “Qarabağ” “İnter”ə məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Matça yüksək əhval-ruhiyyədə çıxacaqlarını deyən müdafiəçi yaxşı oynayacaqlarına da söz verib: “Biz peşəkar futbolçularıq. “İnter”in meydanında oynadığımızdan, çətin olacağını bilirdik. AZAL-la oyun fərqli olacaq. Güc yığmışıq, yaxşı oynayacağıq”.

Medvedev bir oyunu təbii, digərini isə süni meydançada keçirməyin də çətin olduğunu qeyd edib: “Süni örtüklü meydançada oynamaq çətindir. Topun hərəkəti fərqli olur. Ancaq öyrəşmək məcburiyyətindəyik”.

Rəşad Sadıqovun gedişindən sonra “Qarabağ” müdafiədə ciddi səhvlərə yol versə də, futbolçu bunun tezliklə yoluna düşəcəyinə inanır: “Əsas futbolçumuzu itirdik. Rəşadı Zaur əvəzləyir. Ancaq o da hələ komandaya tam uyğunlaşa bilməyib. Bir neçə oyundan sonra anlaşma daha yaxşı olacaq”.
0