Hacıyevski: Mənim üçün təkcə “Bakı” ilə yox, hər bir oyun prinsipialdır
17.09.2010 - 18:13
Hacıyevski: Mənim üçün təkcə “Bakı” ilə yox, hər bir oyun prinsipialdır
“Mənim üçün təkcə “Bakı” ilə yox, hər bir oyun prinsipialdır. Sadəcə, “Bakı” keçmiş komandamdır və orada yaxşı günlər keçirmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

“Bakı”da işlədiyi iki ildə (2007-09-cu illər) ölkə çempionluğunu qazanan təcrübəli makedoniyalı mütəxəssis cari mövsümdən başqa klubumuzu çalışdırır. Hacıyevski prinsipiallığı idman mübarizəsində görür: “Bakı” güclü heyətə malikdir, bahalı futbolçuları var. Komanda həmişə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparır və hədəfləri böyükdür. Yaxşı təşkilatlanmış klubdur. “Bakı” yenə qarşısına çempionluq, kuboku qazanmaq, avrokuboklara çıxmaq məqsədini qoyub. Düzdür, cari mövsümdə hələ istənilən oyunu nümayiş etdirmirlər, az xal yığıblar. Mən bunun səbəbini deyə bilmərəm. Artıq bu komandada çalışmıram. Ümumiyyətlə, “Bakı”nın cari mövsümdə çıxışını təhlil etmək istəməzdim. Bu haqda danışmağım düzgün çıxmaz. Deyə bilmərəm ki, rəqibin hazırkı çıxışı xeyrimizə, yaxud əksinədir”.

Hacıyevski “Bakı” ilə titullar, mükafatlar uğrunda mübarizə apardığı halda, “Simurq”la tam başqa məqsədləri var. Belə ki, heyətini köklü dəyişən Zaqatala təmsilçisi daha çox gənc, təcrübəsiz futbolçulardan təşkil olunub. Bu da birbaşa nəticəyə təsir göstərir və hələ qələbə qazanmayan komanda 2 xalla turnir cədvəlində sonuncu pillədə gedir. İndi Hacıyevskinin qarşısında duran əsas vəzifə nəticə vermək yox, futbolçu yetişdirməkdir. Bununla belə, Makedoniya yığmasının sabiq çalışdırıcı keçmiş klubu ilə birigün evdə keçirəcəkləri görüşə nikbin baxır: “Düzdür, “Bakı” bu cütdə favoritdir. Onlara xal ehtiyatını artırmaq vacibdir və Zaqatalada meydana böyük motivasiya ilə çıxacaqlar. Ancaq biz də öz sözümüzü demək istəyirik. Görürəm ki, oyunumuz turdan-tura yaxşılaşır. AZAL yaxşı komandadır. Bizi son turda evdə çətinliklə məğlub etdilər. Həmin AZAL-ın cari mövsümdə iddiası artıb və ilk turda elə “Bakı”ya səfərdə qalib gəlib. Biz göstərdik ki, iddialı klublarla bərabər səviyyədə oynaya bilərik. Elə isə niyə evdə “Bakı”ya qarşı da yaxşı oynamayaq?”

Mehman SÜLEYMANOV
0