“Həmin matçda bəzi futbolçulara istirahət verilməsi mənə aydın olmadı”
25.09.2010 - 10:20
“Həmin matçda bəzi futbolçulara istirahət verilməsi mənə aydın olmadı”
“Gəncə”nin oyunlarına baxmışam, kifayət qədər yaxşı komandadır. “Gəncə” cürətlə hücum edir, komanda yaxşı cinahlara malikdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Klubunun rəsmi internet saytına müsahibə verən mütəxəssis Unibank premyer Liqasının VII turundakı rəqibləri “Gəncə” haqda fikirlərini açıqlayıb: “Rəqibimiz məndə xoş təəssürat yaratdı. Bu həftə onların “Qarabağ”la oyunları oldu və həmin matçda bəzi futbolçulara istirahət verilməsi mənə aydın olmadı. Amma güman ki, belə bir addım “İnter”lə keçiriləcək oyunla bağlı atılmışdı. Yəqin ki, bizimlə oyun onlar üçün daha vacibdir. Axı, çempionlara qarşı xüsusilə köklənirlər”.

Sxadadze “İnter”in oyuna hazırlığına da toxunub: “Matça hazırlığımız normal keçir. Uşaqlar yaxşı formadadırlar, qarşılaşmaya yaxşı hazırlaşmışıq. Zədəlilərlə bağlı vəziyyət yaxşılaşır. Vladimir Levin və Aleksandr Çertoqanov komanda ilə birlikdə məşq etməyə yaxındırlar”.

Gürcüstanlı mütəxəssis ötən mövsüm komandası ilə birlikdə qazandığı qızıl medalların təqdim etmə mərasimini də xatırlayıb: “Bu, mənim Azərbaycanda ilk çempionluğum idi. Ümumilikdə isə bu, 5 illik məşqçilik karyeramda 3-cü çempionluq titulumdur. Ötən il biz tamamilə layiqli çempion olduq, uzun müddət liderlər qrupunda olduq və haqlı olaraq finişi birinci yerdə başa vurduq”.