Siftə həsrətində
11.10.2010 - 23:01
Siftə həsrətində
Bu gün Türkiyə ilə qarşılaşacaq Azərbaycan yığması tarixinin 170-ci oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, arxada qalan 18 ildə cəmi 29 qələbə qazanan komandamız Tofiq Bəhramov adına Respublika stadionundakı sınaq zamanı 30-cu, yubiley uğurunu əldə etməyə çalışacaq.

Ardıcıl 6 oyundur qələbə qazana bilməyən Berti Foqtsun yetirmələri 29-cu qələbəni bu il martın 3-də Lüksemburqla səfər matçında qazansa da, həmin 2:1 hesablı uğurdan sonra hər dəfə yubiley təxirə düşür. Son qələbədən sonra Avstriyadakı təlim-məşq toplanışı zamanı Moldova (1:1), Makedoniya (1:3) və Honduras (0:0), Bakıda isə Küveytlə (1:1) yoldaşlıq oyununda qüvvəsini sınayan millimiz Almaniya (1:6) və Avstriya ilə (0:3) Avro-2012-nin seçmə mərhələsinin səfərdə üz-üzə gəlib.

Bu günkü görüşədək 42 dəfə meydanı heç-heçə ilə tərk edən komandamız 98 dəfə uduzan tərəf olub. Bu görüşlərdə 114 qol vuran yığmamız 304 dəfə topu öz qapısından çıxarıb.

Avropa çempionatlarının seçmə mərhələlərində 43-cü qarşılaşmasını keçirəcək komandamız 9-cu dəfə xal qazanmağa çalışacaq. İndiyədək hesabında 3 qələbə və 5 heç-heçə olan millimiz 34 dəfə məğlub olub və vurduğu 20 qolun əvəzində 92 dəfə topu mərkəzə daşıyıb.

Ümumilikdə isə bu futbolçularımız üçün 81-ci seçmə oyunudur. İndiyədək 6 qələbəyə sevinib 12 dəfə heç-heçə ilə kifayətlənən yığmamız 62 dəfə meydanı başıaşağı tərk edib. Arxada qalan 80 görüşdə azərbaycanlı azarkeşlər 32 qol sevinci yaşayıb, 186 dəfə əcnəbilərin fərqlənməsinə şahidlik edib.

Türkiyə ilə görüş Foqtsun yığmamızın “sükanı arxasında” 31-ci oyun olacaq. 64 yaşlı almaniyalı mütəxəssis millimizin baş məşqçisi postunda keçirdiyi 30 oyunda komandamız 6 qələbə qazanıb, 9 heç-heçə edib və 15 dəfə uduzub. Debüt matçı 2008-ci il iyunun 1-də Bosniya və Herseqovina ilə görüşdə gerçəkləşən Foqtsun yetirmələri 21 qol sevinci yaşadığı halda, 45 qolun qapımızdan keçməsinə şahid olublar.

Amma Foqts iki il yarıma yaxındır rəhbərlik etdiyi millimizdə ev qələbəsinə həsrətdir. Əvvəlki qələbələrini ya səfərdə (Lüksemburq, İordaniya, Lixtenşteyn, Bəhreyn, Andorra) ya da neytral meydanda (Çexiya) qazanan Foqts və yetirmələri Azərbaycan auditoriyasının həsrətinə son qoymalıdır.

Qeyd edək ki, yığmamız son ev qələbəsini 2007-ci l il martın 28-də Finlandiya ilə Bakıdakı görüşdə qazanıb – 1:0. Həmin qələbədən 1294 gün sonra isə yığmamız Türkiyə ilə görüşəcək.

Vüqar XEYRULLAYEV