1294 günlük həsrət bitdi
13.10.2010 - 09:19
1294 günlük həsrət bitdi
Azərbaycanlı futbol azarkeşlərinin qələbə həsrəti başa çatdı. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində Türkiyə ilə qarşılaşan millimiz ev matçlarındakı uğursuz seriyaya son qoyub. Belə ki, komandamız 3 ildən artıq idi ki öz meydanında qalib gələ bilmirdi.

Yığmamız son qələbəsini 2007-ci ilin martın 28-də Finlandiya ilə Bakıdakı görüşdə qazanıb – 1:0. Növbəti uğur isə həmin qələbədən 1294 gün sonra Türkiyə ilə qarşılaşmaya təsadüf etdi.

Bu, 1294 günlük müddətdə komandamız ya səfərdə (Lüksemburq – 2:1, İordaniya – 2:0, Lixtenşteyn – 2:0, Bəhreyn – 2:1, Andorra – 2:1, Tacikistan – 3:2) ya da neytral meydanda (Çexiya – 2:0) qələbə qazanırdı. Son 7 zəfərinə vətəndən kənarda imza atan millimizin qalibiyyəti baş məşqçi Berti Foqts üçün də əlamətdar oldu.

Debüt matçı 2008-ci il iyunun 1-də Bosniya və Herseqovina ilə görüşdə gerçəkləşən almaniyalı mütəxəssis nə Bakı, nə də Lənkəranda qələbə qazanmışdı. Onun rəhbərliyi altında millimiz bütün uğurlarını Azərbaycandan kənarda bayram etmişdi.

Yuxarıda qeyd olunan 7 qələbədən 6-nın (Tacikistanla oyun istisna olmaqla) memarı olan Foqts nəhayət ki ilkə imza atdı. Bu, ilk ev qələbəsi olmaqla yanaşı, həm də millimizin 1 qol vurub qazandığı birinci oyun olub. Foqtsun əvvəlki 6 qələbəsində yığma 2 qolla qalib gəlirdi – ya 2:0, ya da 2:1.

Vüqar XEYRULLAYEV