“Rəşad Sadıqov qol vuranda, “Beşiktaş”la oyunumuzu xatırladım”
13.10.2010 - 14:22
“Rəşad Sadıqov qol vuranda, “Beşiktaş”la oyunumuzu xatırladım”
“Türkiyə ilə oyunda qələbə çox vacib idi. Çünki yığmamız səfərdəki böyük hesablı məğlubiyyətlərdən sonra tənqid olunurdu. Bu mənada ilk ev oyununda qazanılan uğurun əhəmiyyəti böyükdür”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasının lideri olan paytaxt təmsilçisinin gənc çalışdırıcısı Azərbaycan yığmasına ən çox futbolçu verən baş məşqçilərdəndir. Millimizin baş məşqçisi Berti Foqts Avstriya və Türkiyə ilə oyunlara “ağ-qaralar”dan 6 futbolçunu çağırsa da, sonradan Amit Quluzadəni Portuqaliyada Avropa çempionatının seçmə mərhələsində iştirak edən 19 yaşlılardan ibarət yığmamızın düşərgəsinə göndərdi. Türkiyə ilə görüşdə Rail Məlikov, Ruslan Abışov və Fərid Quliyev əsas heyətdə meydana daxil oldu, Araz Abdullayevlə Cavid Hüseynov isə ehtiyatda qalmışdı.

Əsədov tarixi qələbədə iştirak edən futbolçularından razı qalıb: “Ruslan çox yaxşı təsir bağışladı. Fikrimcə, oyunun ən yaxşılarından idi. Abışovun hətta ikinci hissədə 100 faizli qol imkanı olsa da, bundan istifadə edə bilmədi. Fərid də pis oynamadı. Düzdür, matçın əvvəlində oyunu alınmasa da, sonradan fəallaşdı. Qol epizodu zamanı künc zərbəsini məhz Fərid qazandı. Rail də üzərinə düşən vəzifənin öhdəsindən gəlirdi. Təəssüf ki, ağır zədə üzündən oyunu davam etdirə bilmədi. Türkiyə ilə görüşdə həm sevindik, həm də üzüldük. Sevinməyimiz qələbə, üzüntümüz kapitanımızın aldığı ciddi zədə və xeyli müddət bizə kömək edə bilməyəcəyi ilə bağlı idi”.

Qələbəni layiqli hesab edən Əsədov, xüsusilə fasilədən sonra göstərilən oyundan razı qalıb: “Yığmamız ikinci hissəni əla keçirdi. Həmin vaxt rəqibə oyununu göstərməyə imkan vermədik. Hücumlarımız kəsərli alınır, qol epizodlarımız da olurdu. Abışovla yanaşı, Aleksandr Çertoqanovun real qol imkanı oldu. Futbolçularımızın qoldan sonra özünəinamı artdı. Təbii ki, stadionuna dolduran 30 min azarkeşin güclü dəstəyi də əlavə ruh verirdi. Türkiyə üzərində qələbə Azərbaycan futbolunun gələcəyinə ümidvericilik baxımından çox vacib idi. Yəni, bu qələbə yerinə düşdü”.

Türkiyə yığmasına vurduğumuz qol zamanı yerinə yetirilən künc zərbəsi Əsədova yaxşı tanış olmalıdır. Axı hələ futbol oynadığı zaman yığmamız belə künc zərbələrini yerinə yetirirdi. Rəşad Sadıqovun vurduğu qol zamanı isə “Neftçi”nin baş məşqçisinin yadına bu yay “Beşiktaş”la keçirdikləri yoxlama oyun düşüb: “Avstriyada keçirdiyimiz həmin görüşdə biz də belə qol vurmuşduq. Onda Ruslan Abışov Rüştü Rəcbərin qapısına yol tapmışdı. Rəşad qol vuran zaman bunu xatırladıq ki, türklər artıq ikinci dəfədir bizdən belə top buraxır”.

Mehman SÜLEYMANOV