“Azərbaycan yığmasının Türkiyəni udması möcüzə deyil”
14.10.2010 - 12:00
“Azərbaycan yığmasının Türkiyəni udması möcüzə deyil”
“Türkiyəli futbol adamları dahi Qus Hiddinkin uğurlarından sanki kor olaraq, onu yığmaya dəvət etdilər. Artıq indi onlar başlarını qaşıyıb, düşünməyə başlayıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış rusiyalı futbol şərhçisi və veteranı Vladimir Maslaçenko deyib.

Dəfələrlə ölkəmizə gəldiyi üçün futbolumuza bələd olan mütəxəssis Rusiya yığmasının sabiq baş məşqçisi Qus Hiddinkin Türkiyə millisindəki uğursuzluğa münasibət bildirib. Maslaçenko Azərbaycan yığmasının “ay-ulduzlular”ı Bakıda məğlub etməyinin möcüzə olmadığını düşünür: “Bütün böyük adlar da həyatın sınağından keçməli olurlar. Futbol da bu mənada böyük laboratoriyadır. Türkiyə yığmasında kifayət qədər tanınan adlar var ki, onların bəziləri istənilən top-klubda çıxış edə bilər. Görünür, Hiddink hələ də komandaya tam uyğunlaşmayıb. Tələsik qərar verib onu qovmaq da düzgün olmazdı. O ki, qaldı mütəxəssisin indiyədək heç vaxt ardıcıl 2-3 rəsmi görüşdə uduzmamağına, bunu hollandiyalının özü iddia edir. Bununla da özünü tərifləyir”.