Arif Əsədov: “Turan” “yaralı şir” kimidir
15.10.2010 - 13:41
Arif Əsədov: “Turan” “yaralı şir” kimidir
“Turan”la oyuna asan sınaq kimi baxmırıq. Çempionatımızda zəif komanda yoxdur, sadəcə, zəif hazırlıq var. Bu səbəbdən hər rəqibə hörmət edərək, istənilən oyuna ciddi hazırlaşırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasının növbəti turunda oktyabrın 17-də Tovuzda “Turan”ın qonağı olacaq “ağ-qaralar” növbəti qələbəsini qazanıb, liderliyini qorumaq iddiasındadır. Rəqibin hələ qələbə üzünə həsrət qaldığını, turnir cədvəlinin sonlarında getdiyini nəzərə alsaq, “Neftçi”nin işi çətin olmamalıdır. Ancaq bu, ilk baxışdan belədir və onu yada salaq ki, “Turan”la “Neftçi”nin indiyə kimi bütün milli çempionatlarımızda görüşləri gərgin mübarizə şəraitində keçib. Elə Əsədov da bu amili ön plana çəkir: “Hələ futbol oynadığım zaman “Neftçi”nin “Turan”la oyunları gərginliyi ilə yadda qalıb. İndiki “Turan” “yaralı şir” kimidir. Komanda mövsümə uğursuz start götürüb, baş məşqçisini dəyişdi, bir neçə futbolçusunu çıxarıb. Onların əvəzinə gənc futbolçular oynayır. Gənclər isə həmişə istəkli oynayırlar. Üstəlik, rəqibin “Neftçi” olması onlar üçün böyük stimul verir”.

Əsədov bildirib ki, bu gün baş tutacaq məşqdən sonra səfərə çıxacaqlar. Gəncədə məskunlaşacaq komanda son məşqini ya orada, ya da Tovuzda keçirəcək: “Heyətimizdə yeganə problem kapitan Rail Məlikovla bağlıdır. Bildiyiniz kimi, Rail yığmamızın son oyununda ağır zədələnib. Ayağında gips var, çəliklə gəzir. Gips açılandan sonra müayinə olunaraq, nə vaxt məşqə başlayacağına qərar veriləcək. Yığmadan qayıdan digər futbolçularımız düşərgəmizdə bərpa prosesi keçdi. Bu gün isə taktiki hazırlıq üzərində çalışacağıq”.

Mehman SÜLEYMANOV