Bəhruz Şirəliyev: Bu məsələdə ən azı haqlı qərar çıxarmaq olar
16.10.2010 - 11:04
Bəhruz Şirəliyev: Bu məsələdə ən azı haqlı qərar çıxarmaq olar
“Biz ötən tur “İnter”lə oyunda meydanda baş verənlərlə əlaqədar AFFA Apelyasiya və Ekspert Komitəsinə rəsmi müraciət etmişdik. Çünki İntizam Komitəsinin çıxardığı qərar bizi razı salmamışdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin son iclasında İntizam Komitəsində “İnter” – “Muğan” oyunu ilə bağlı məsələlərə yenidən baxılması ilə bağlı qərar çıxarılıb. Kobudluqlar, dava-dalaşla yadda qalan həmin görüşdə meydan sahiblərinin aşkar kobud oynayan futbolçularının cəzası yalnız sarı vərəqə olmuşdu. “İnter”in gürcü müdafiəçisi İlya Kandelakinin “Muğan”ın uruqvaylı hücumçusu Anhel Qutyerresə qarşı kobudluğu isə ümumiyyətlə, cəzasız qalmışdı. Elə “Muğan” rəhbərliyini də narazı salan bu məqamdır: “18 nömrəli daşıyan həmin futbolçu Anhelə qarşı aşkar kobudluq edir. Özü də iki dəfə zərbə vurur. Əvvəl başla, sonra ayaqla. Bu, oyunun videoyazısında da görünür. Ancaq İntizam Komitəsi bu epizodla bağlı heç bir qərar qəbul etməmişdi. Hərçənd videoyazıya baxıb, lazımı qərar çıxarmaq olardı. Biz də elə buna görə AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə müraciət etdik. “İnter”in digər futbolçuları da kobudluq etsə də, baş hakim bunları görərək, öz qərarını verib. Ancaq narazı qaldığımız epizod onun da diqqətindən kənarda qalıb”.

Təbii ki, hakimliklə bağlı kobud səhvlərin olduğu həmin oyunun nəticəsi ləğv olunmayacaq. “Muğan” həmin görüşün sonuna yaxın qapısına təyin edilən penalti zərbəsi nəticəsində meydanı məğlub tərk etdi (0:1). Şirəliyev ədalətli qərar gözləyir: “Əlbəttə, heç nəyi geri qaytarmaq olmayacaq. Ancaq bu məsələdə ən azı haqlı qərar çıxarmaq olar. Bizim də istəyimiz budur”.

Qeyd edək ki, baş hakim Elnur Muradov İntizam Komitəsinin AFFA-nın Hakimlər Komitəsinə onun idarəçiliyi haqda lazımı ölçü götürülməsini tapşırdıqdan sonra cəzalandırılıb.

Mehman SÜLEYMANOV