“Atam səs verdiyi namizədi dəstəkləyəcəm”
16.10.2010 - 23:01
“Atam səs verdiyi namizədi dəstəkləyəcəm”
“Bakı” klubunun futbolçusu və kapitanı Cəmşid Məhərrəmovun apasport.az saytına müsahibəsi

- “Bakı” kimi komandanın kapitanı olmaq çətin deyil?
- Kapitan olmaq şərəfdir. Çalışıram ki, bu etimadı doğruldum və layiq olduğumu göstərim.

- Heyətində ən çox legioner olan klublardan biri də “Bakı”dır. Onlara kapitanlıq etməyi bacarırsınızmı?
- Müxtəlif dillərdə danışsaq da, bir-birimizi başa düşürük. Yəni, onlar peşəkar futbolçulardır, nə etməli olduqlarını yaxşı bilirlər.

- Ünsiyyət qurmaq necə, çətinlik yaratmır?
- Şükür Allaha, elə bir çətinliyimiz yoxdur. Ehtiyac olanda tərcüməçi vasitəsilə danışırıq.

- Komandada indi vəziyyət necədir? Uğursuzluğu unutmusunuz?
- Əvvəl bir qədər çətinlik yaranmışdı. Yaxşı nəticə qazana bilmirdik. Artıq bunu yoluna qoymuşuq. Qarşıdakı oyunlarda ancaq yaxşı nəticə qazanacağıq.

- Etibarlılıq baxımından necə, əcnəbi komanda yoldaşlarınıza güvənirsinizmi?
- Biz bir ailəyik, bir-birimizdən sirr saxlamırıq. Aydın məsələdir ki, heç kim ailə sirrini bir-birinə danışmaz. Komanda ilə bağlı elə bir gizlin sözümüz-söhbətimiz olmur.

- Klubda futbolçular ad günlərini necə qeyd edirlər?
- Məsələn, Jabanın ad günü olanda, onu yumurta atəşinə tutduq. Eyni zamanda tort kəsməklə də səbəbkarın doğum gününü təbrik etdik.

- Komanda yoldaşlarınız arasında daha çox kiminlə dostluq edirsiniz?
- Ayrı seçkilik etmək istəmirəm. Çalışıram ki, hamı ilə eyni dil tapım. Futbol kollektiv oyundur. 3-4 nəfərlə münasibət qurmaqla iş bitmir. Gərək hamı ilə eyni dərəcədə yaxınlıq edəsən. Yəni, münasibətləri düzgün qurasan. Kiminsə qeybət eləməsinə, komanda yoldaşının arxasınca danışmasına imkan verilmir.

- Uşaq vaxtı hansı komandada oynamaq haqqında düşünmüsünüz?
- Futbolda ilk addımlarımı “Gənclik” metrosunun arxasındakı süni meydançada atmışam. Biz məşq edən zaman oranın örtüyü asfalt idi. Süni örtüyü sonradan düzəltdilər. Daha sonra “Qarabağ”ın uşaq komandasında məşq etmişəm. Təbii ki, oradakı uşaqların arzusu “Qarabağ”ın əsas komandasında oynamaq idi. Mən də əsas komandaya qədər yüksəldim, amma heç bir rəsmi oyuna çıxmadım. Məşqçilərimdən biri də Canbaxış müəllim olub. Qeyd edim ki, həmin vaxt “Bakı” yox idi.

- Sonradan “Qarabağ”a transfer olsanız da, bu keçidin ömrü qısa oldu. Səbəbini izah edə bilərsinizmi?
- Başqa səbəblər var idi, sadəcə açıqlamaq istəmirəm. Qoy sirr kimi qalsın. Sonradan “Bakı”ya döndüm. Rəhbərlik geri dönüşümə maneçilik törətmədi. “Qarabağ”dan da dedilər ki, səni zorla saxlaya bilmərik. Fikrimə hörmətlə yanaşdılar. “Bakı”ya da təşəkkür edirəm ki, məni yenidən qəbul etdi.

- Deyəsən, yaranmış narazılıq hardasa dini amillə bağlı idi.
- Xeyr, onlar da ibadət edirlər, mən də. Yanlış fikirdir. Sadəcə, “Bakı”ya qayıtmaq istədiyimi “Qarabağ”ın direktoru Əmrah Çəlikələ bildirdim. O, əvvəlcə razılıq vermədi, sonra Qurban Qurbanovla söhbət etdim. Nəticədə geri dönüşüm reallaşdı.

- Evlisiniz?
- Bəli, 2006-cı ildə ailə qurmuşam. Özüm sevib evlənmişəm. Yoldaşımla orta məktəbdə bir sinifdə oxumuşuq. İki qızımız var. Həyatımdan razıyam.

- Deyirlər, qız uşağı bir qədər “şeytan” olur.
- Atanı çox istəyən qız olur.

- Oyunlarınıza baxırlar?
- Stadiona gəlmirlər, amma evdə oturub baxırlar. Hələ balacadırlar, anlayışları yoxdur. Böyük qızımın 3, kiçiyin isə 1 yaşı var.

- Niyə xarici klublarda oynamağa cəhd etməmisiniz?
- Bizim futbolçuların bəlası ondadır ki, menecerlərlə işləmirlər. Bu gün ölkəmizə gələn legionerlər heç də bizdən üstün deyil. Deməli, biz də gedib xarici klublarda oynaya bilərik. Futbolçularımız üçün yeganə vitrin yığmanın oyunlarıdır. Çünki çempionatımızla maraqlanmırlar. Yığma və avrokubok oyunlarında fərqlənmək lazımdır.

- Ancaq bunu futbolçuların ölkədə daha çox qazanmaları ilə əlaqələndirirlər.
- Bu fikirlə razı deyiləm. Rəşad Sadıqov burda oynasa, Türkiyədəkindən daha çox qazanardı. Ancaq o, legioner həyatı yaşamağa üstünlük verdi.

- Təklif gəlsə dəyərləndirərsinizmi?
- “Bakı” ilə müqaviləm var.

- Ötən mövsümün sonunda kuboku qazandınız. Ancaq Skuliçin vurduğu qol bu uğurunuza kölgə saldı. Necə fikirləşirsiniz, Skuliçin qolu ədalətli idi?
- Öz oyunçuları dedilər ki, topu qapıçıya at. Çünki auta vuranda ağız-burunlarını əyirlər ki, biz topu sizə görə çıxarmışdıq. Özləri istədi, Skuliçdə qapıçıya ötürdü. Top tora daxil olubsa, buna Skuliç neynəsin?

- İctimai işlərdə necə, fəalsınızmı? Məsələn, qarşıdan parlament seçkiləri gəlir. Səsvermədə iştirak edəcəksinizmi?
- Sözün düzü, bilmirəm kimlər namizədliyini irəli sürüblər. Ancaq hər bir vətəndaş kimi, mən də səsvermədə iştirak edəcəyəm.

- Tanımadığınız namizədə necə səs verəcəksiniz?
- Atam kimə səs versə, mən də həmin namizədi dəstəkləyəcəyəm.

- Meydana çıxarkən hansısa inancınız olurmu ki, ona sığınasınız?
- Torpağı öpməklə və ya başqa şeylə heç nə olmur. Gərək Allaha sığınasan, dua edəsən.