Elano “Qalatasaray”dan gedəcəyini dəqiqləşdirdi
16.10.2010 - 13:22
Elano “Qalatasaray”dan gedəcəyini dəqiqləşdirdi
Braziliya yığmasının futbolçusu Elano Blumerin “Qalatasaray” klubundan gedəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un baş məşqçisi Frank Raykaardın etimadını qazana bilməyən yarımmüdafiəçi klubla yollarını ayırmağa qərar verib. Bu, yanvarda “transfer pəncərəsi” açılan vaxtda rəsmiləşəcək. Elanonun gedişinin əsas səbəbi ehtiyatda qaldığına görə yığmada yerini itirməsidir.

Braziliya millisinin yeni baş məşqçisi Mano Menezeş klubunda ehtiyatda qalan və formada olmayan futbolçunun yığmada yerinin olmadığını bildirib. Onun ölkə çempionatının oyunlarını yaxından izləməsi Blumeri vətənə dönmək fikrinə salıb. Menezeş İstanbulda xoşbəxt olmayan futbolçunun vətənə qayıtması ilə bağlı fikrini tam dəstəkləyir. Üç həftə öncə vətəndə olan Elano “Santos”la danışıqlar aparıb. O, yaxın dostu, yığmada birgə oynadığı Robinyo kimi Braziliyada özünü göstərəcəyinə və yığmaya cəlb ediləcəyinə inanır.

Qeyd edək ki, “Qalatasaray” 7 milyon avro xərclədiyi Elanonun transferindən çox zərər götürməmək üçün onu 4 milyona satmaq təklifinə müsbət baxır. Klub ildə 3 milyon avro ödədiyi legioneri satmaqla, mövsümün ikinci yarısında ödəyəcəyi 1,5 milyonluq yükdən xilas olacaq.