Arif Əsədov: Mən o sözü elə-belə deməmişdim – MÜSAHİBƏ
18.10.2010 - 12:07
Arif Əsədov: Mən o sözü elə-belə deməmişdim – MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Hələ oyundan əvvəl saytımıza verdiyiniz müsahibədə “Turan”ı “yaralı şir”ə bənzətmişdiniz. Sanki Tovuzda xal itkisinin mümkünlüyünü hiss edirdiniz...
- Mən o sözü elə-belə deməmişdim. Götürək, milli komandamızı. Vyanada Avstriyaya böyük hesablı məğlubiyyətdən sonra Bakıda Türkiyə qarşısına “yaralı” vəziyyətdə çıxmışdı. Sonda da gözlənilməz nəticə qeydə alındı. Ümumiyyətlə, indi bütün dünyada sürpriz nəticələr yetərincədir. Bu, Azərbaycan çempionatında da özünü göstərir. XI turda kifayət qədər sürpriz oldu. Bizim AZAL üzərində 1:0 hesablı qələbəmizlə bağlı müxtəlif fikirlər səslənirdi. Ancaq həmin AZAL “İnter”ə 5 cavabsız qol vurdu. Yaxud, “Gəncə” “Xəzər Lənkəran”ı böyük hesabla yenir.

- Lider komandanın autsayder “Turan”la oyunda 2 dəfə hesabda irəlidə olduğu halda, son qələbəni əldən verməsi nəyin nəticəsidir?
- Oyun haqda çoxlu xoşagəlməz söz-söhbətlər gəzirdi. Guya ki, “Neftçi”yə kömək edirlər, “Turan” hələ görüş başlamamış uduzub, “Gəncə”ni “Xəzər Lənkəran”ı yenməyə görə stimullaşdırmışıq və sair. Bu, həqiqətən də qıcıqlandırıcı idi. Tovuzdakı nəticə bir daha sübut etdi ki, “Neftçi” öz gücünə oynayır. Heç kimin köməyinə ehtiyacımız yoxdur. Nəticə göstərdi ki, hər rəqibə qarşı ikiqat enerji ilə oynamaq lazımdır. Rəqibləri bölmürük və hamısına ciddi yanaşırıq. Bütün oyunlara 100 faiz köklənmək lazımdır.

- Bəlkə problem elə köklənə bilməməklə bağlı oldu? Kənar amilləri nəzərə almasaq, “Neftçi”də oyun baxımından hansı problemlər var idi?
- Əlbəttə, öz səhvlərimiz də oldu. Xüsusilə, müdafiədə xətalara yol verdik. Ancaq oyun baxımından üstünlük tam bizdə idi. Sadəcə, əsas problemimiz qol imkanlarından lazımınca istifadə edə bilməməkdir. Meydançanın pis vəziyyətdə olması da öz sözünü dedi. Biz hər dəfə əyalətə gedəndə stadionun dolu olduğunu görürük. Bu da onu göstərir ki, “Neftçi” ilə görüşə maraq böyükdür. Fikir verin, “Turan” turnir cədvəlində sonda gedir, ancaq “Neftçi” ilə oyunda tribunalar dolur. Hamı “Neftçi”yə qarşı ikiqat güclə oynayır. Bu isə oyuna və nəticəyə təsir göstərir. Son qolu buraxanda tribunalarda böyük ajiotaj oldu. Yəni ordan komandaya təzyiq hiss olunurdu. Ola bilsin ki, futbolçularımız həmin vaxt konsentrasiyanı itirdilər, diqqətsiz oldular. Komandaların “Neftçi” ilə oyuna xüsusi köklənməsi bizi sevindirir. İstənilən halda, “Turan”ı göstərdiyi oyun və qazandığı xal münasibətilə təbrik edirəm. Futbolçuları meydanda sona kimi döyüşdülər. Təki “Turan” bütün komandalara qarşı belə oynasın və xal qazansın.

- Autsayderlə matçda xal itkisi liderə baha başa gələ bilərmi?
- Hələ bu haqda danışmaq tezdir. Çempionat hələ qabaqdadır. Sadəcə, belə nəticələr çempionatımızın səviyyəsini, marağını artırır. Bu isə futbolumuzun inkişafına olan amildir. Götürün İngiltərə, Almaniya çempionatını. Orada görüşə baxanda liderlə autsayderin oynadığı hiss olunmur. Bizdə də belə olsa, inkişaf olacaq. Sadəcə, komanda qurmaq üçün vaxt lazımdır. Əbəs yerə deməyiblər ki, komanda yaratmaq üçün ən az 3 il vaxt lazımdır. Bizdə də, “Xəzər Lənkəran”da mövsümlərarası fasilədə yeni transferlər olub. Onların komandaya uyğunlaşması üçün vaxt lazımdır. Hər şey ələnəndən sonra öz yerini tapacaq, bu isə vaxt aparır. Ancaq getdikdə sabitlik yaranır. Belə oyunlar nə qədər çox olsa, bir o qədər yaxşıdır.

- Tovuzda Emil Mpenzanı sonadək ehtiyatda saxladınız. Bu, nə ilə bağlıdır? Meydançanın vəziyyəti ilə əlaqədar onu buraxmağı lazım bilmədiniz?
- Bunun da təsiri oldu. Ancaq oyunun gedişi Emilə ehtiyac olduğunu göstərmirdi. Ancaq əsas məsələ odur ki, Mpenza fasilədə ailə problemləri ilə əlaqədar vətəninə getmişdi. O, hazırlıq prosesini buraxmışdı. “Qarabağ”la yoxlama oyununda onun hazırlıq durumunu görə bilmədim. Düzdür, AZAL-la görüşdə yaxşı oynadı, qələbə topunun müəllifi oldu. Növbəti oyunda Mpenzaya şans verəcəyik.

- Fərid Quliyevi ilk dəqiqələrdən meydana buraxdınız. Hər halda, yığmamızın heyətində Türkiyə üzərində qazanılan qələbədə pay sahibi olmuşdu....
- Bəli. Emil hazırlıqdan kənarda qaldığı üçün Fəridə əsas heyətdə şans verdim. Onun, yığmamızın heyətində son oyununu da nəzərə almışdım.

- Ondan nə dərəcədə razı qaldınız?
- Fəridin əsas heyətdən kənarda qalması ilə bağlı müxtəlif fikirlər səslənirdi. Onunla söhbətləşdim və dediklərimi başa düşdü. Deyə bilərəm ki, Fəridin artıq oyununda artım var. İnsan nəyəsə çatmaq üçün gərək qarşısına məqsəd qoysun. Məqsəd olsa, buna çatacaq.

- Mpenza kimi məşhur hücumçu “Neftçi”də cəmi 1 qol vurub. Sizcə, ona tam formaya düşməsi nə qədər vaxt lazımdır?
- Bunu dəqiq nə mən deyə bilərəm, nə də o. Hər şeyi vaxt göstərəcək.

- Qışda “Everton”a keçəcək Araz Abdullayevin xidmətindən istifadə etmirsiniz. Onun ehtiyatda qalmasının səbəbi nədir?
- Heyət geniş olanda, həm seçim imkanın geniş, həm də rəqabət olur. Arazın mövqeyində, yarımmüdafiənin sol cinahında Flavinyo oynayır. O da özünü yaxşı göstərir, Tovuzda da qol vurdu. Ancaq narahat olmağa dəyməz. Vaxtı gələndə Arazın, başqa futbolçularımızın da xidmətindən istifadə edəcəyik. Rəşad Abdullayev bir müddət zədəli olanda, onun mövqeyində Cavid Hüseynovu oynatdıq.

- Növbəti turda “Gəncə” ilə oynayacaqsınız. Bu rəqibin “Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbəsindən sonra görüşə daha ciddi hazırlaşmalısınız...
- Bütün rəqiblərə eyni gözlə baxırıq. Motivasiya baxımından problem yoxdur. İstər “Gəncə” olsun, istər başqası. Biz heç bir komandadan çəkinmirik. Bizə asan çempionluq lazım deyil. Buna öz gücümüzə nail olmaq istəyirik. Belə olanda, avrokuboklarda da bunun bəhrəsini görürsən. Yoxsa bunun əksi olur. Bərkiyə-bərkiyə gedəndən, istədiyin nöqtəyə gəlib çıxırsan.

Mehman SÜLEYMANOV