Dmitri Kruqlov: Biz “Bakı”ya fikir vermirik
21.10.2010 - 23:01
Dmitri Kruqlov: Biz “Bakı”ya fikir vermirik
“Bakı” ilə oyunda azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. İstəyirik ki, bu görüşdən 3 xalla ayrılaq. Başqa nəticə haqqında fikirləşmirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov deyib.

Həftəsonu “Bakı” ilə qarşılaşacaq “İnter” uğursuz oyunlar seriyasına son qoymaq niyyətindədir. “Bankirlər” rəqibin heç də yaxşı günlərini yaşamadığını anlasa da, arxayınlaşmaq niyyətində deyil. Estoniya yığmasının da şərəfini qoruyan Kruqlov bütün komandaların “İnter”ə qarşı var gücləri ilə mübarizə apardığını qeyd edib: “Bakı”nın hansı vəziyyətdə olmasının elə bir əhəmiyyəti yoxdur. Bizə qarşı bütün komandalar var gücü ilə oynayırlar. Ona görə də biz rəqibin vəziyyətinə fikir vermirik”.

Son vaxtlar paytaxt təmsilçisi maddi problemlə üzləşib. Təbii ki, əcnəbilərin çoxluq təşkil etdiyi komanda üçün bu heç də yaxşı hal deyil. Hətta son oyunda AZAL-a biabırçı hesabla məğlubiyyətin səbəbini pulsuzluqla əlaqələndirənlər də var. Yəni maaşlar verilmədiyi üçün futbolçuların meydanda ürəkdən oynamadıqlarını deyirlər: “Biz AZAL-la oyunda çalışdıq, ancaq şanslardan istifadə edə bilmədik. Xüsusilə, birinci hissədə yaxşı oynadıq. Vəziyyət heç də sonda belə hesabla məğlub olacağımızdan xəbər vermirdi. Çox sadə, elementar qollar buraxdıq. 5 qol buraxmaq bizim komanda üçün çoxdur”.